Apple şirkətində rəhbərlik səviyyəsində mühüm dəyişiklik gözlənilir. İyul ayında hazırkı baş əməliyyat direktoru (COO) Ceff Uilyams öz səlahiyyətlərini müavini Sabik Xana ötürəcək və ilin sonunadək şirkətdən ayrılaraq təqaüdə çıxacaq. Bu barədə Bloomberg məlumat yayıb.
Uilyams Apple daxilində bir sıra vacib sahələrə nəzarət edirdi — təchizat zəncirləri, AppleCare və sağlamlıq layihələri, eləcə də dizayn komandası onun rəhbərliyində idi. Onun gedişi ilə dizaynerlər birbaşa Apple CEO-su Tim Kuka tabe olacaqlar.
Tim Kukun dövründə nələr dəyişdi?
Tim Kuk əla menecer kimi tanınır. Onun rəhbərliyi dövründə Apple aşağıdakı uğurlara imza atıb:
-
Apple Watch və AirPods kimi məhsullar bazara çıxıb — bu gün bir çox istifadəçi üçün iPhone-u alma səbəbi də məhz bu cihazlardır.
-
Apple Pay, Apple Music, Apple TV+ və iCloud kimi xidmətlər geniş vüsət alıb.
-
Şirkətin bazar dəyəri $350 milyarddan $3 trilyon-a yüksəlib.
Bəs dizayn məsələləri necə olacaq?
Baxmayaraq ki, Kuk güclü strateq və idarəçidir, o dizayner deyil. Bu səbəbdən onun birbaşa proqram təminatı və cihazların dizaynına necə rəhbərlik edəcəyi suallar doğurur.
Əlbəttə, bu vəziyyət Stiv Cobs dövrü ilə müqayisə olunur — Cobs həm idarəçi, həm də yaradıcı lider idi. Amma o zaman şirkət bu qədər böyük deyildi.