Samsung şirkəti, Samsung Health xidmətinə ödənişli abunə sistemini tətbiq etməyi planlaşdırır. Bu barədə şirkətin rəqəmsal sağlamlıq bölməsinin rəhbəri Dr. Hon Pak məlumat verib. Onun sözlərinə görə, yeni model Fitbit Premium və ya Garmin Connect Plus kimi olacaq — yəni əlavə funksiyaların bir hissəsi yalnız ödəniş qarşılığında aktiv olacaq.
Hazırda hansı funksiyaların pullu olacağı dəqiq bilinmir. Şirkət nümayəndəsinin sözlərinə görə, bu funksiyalar One UI 8 Watch yeniləməsi ilə gələcək imkanlar ola bilər. Mümkün funksiyalara aşağıdakılar daxildir:
-
Damar yüklənməsi (vaskulyar stress) göstəriciləri,
-
Yuxunun yaxşılaşdırılması üçün tövsiyələr,
-
Antioksidant səviyyəsinin təhlili,
-
və digər sağlamlıq monitorinqi alətləri.
Gözlənilir ki, bu yeni funksiyalar yeni nəsil Galaxy Watch modellərində pulsuz təqdim ediləcək. Köhnə saat modellərinin sahibləri isə bu imkanlara çıxış əldə etmək üçün ödəniş etməli ola bilərlər. Samsung bundan əvvəl də bəzi funksiyaların istifadəsi üçün şərtlərin dəyişə biləcəyini qeyd etmişdi.
Qeyd edək ki, Samsung daha əvvəl də bəyan etmişdi ki, Galaxy AI funksiyalarının bir hissəsi yalnız 2025-ci ilin sonuna qədər pulsuz olacaq. Lakin şirkət hələ ki, ödənişli abunə keçidinin necə həyata keçiriləcəyini açıqlamayıb.