Analitik şirkət IDC-nin son hesabatına görə, HUAWEI 2025-ci ilin birinci rübündə geyilə bilən cihazlar üzrə dünya lideri olub. Şirkət təkcə Çinli rəqiblərini, məsələn, Xiaomi-ni deyil, həm də Apple və Samsung kimi qlobal nəhəngləri geridə qoyub.
Hesabata əsasən, ilin ilk üç ayında HUAWEI 10 milyon ağıllı saat və fitnes trekeri sataraq ümumdünya bazarında birinci yerə yüksəlib. Bu uğura əsasən WATCH GT 5, Fit 3 və WATCH ULTIMATE modelləri səbəb olub. Ötən ilin eyni dövrü ilə müqayisədə satışlar 3 milyondan çox artıb və şirkətin bazar payı 17%-dən 21,9%-ə qalxıb.
Xiaomi isə 8,7 milyon cihaz satışı ilə ikinci yerdə qərarlaşıb, bu da ümumi bazarın 19%-i deməkdir. Şirkət ötən ilə nisbətən 42,6% artım göstərib. Apple 7 milyon satış və 15,5% payla ilk üçlüyü tamamlayır. Şirkət 37,2% artım nümayiş etdirsə də, xüsusilə Çin bazarında rəqibləri ilə müqayisədə geridə qalır.
Samsung 3,4 milyon satış və 7,5% bazar payı ilə dördüncü, Garmin isə 2,1 milyon cihaz və 4,7% payla beşinci yerdədir. Hər iki marka mövqelərini qorusa da, liderlər qədər sürətli artım göstərməyib.
Ümumilikdə, 2025-ci ilin birinci rübündə dünya üzrə geyilə bilən cihazlar bazarı 10,5% artaraq 45,57 milyon cihaz həddinə çatıb. Bu artımın 17,62 milyonu Çinin payına düşür ki, bu da ölkədə 37,6% yüksəliş deməkdir.