NVIDIA, yaşlanmaqda olan bu portativ cihazın imkanlarını yenidən canlandırdı. Artıq Steam Deck-də ən son oyun yeniliklərini yüksək qrafik ayarlarında və ray tracing (şüa izləmə) texnologiyası ilə oynamaq mümkündür.
Əvvəllər bu bulud əsaslı oyun xidməti yalnız brauzer vasitəsilə işləyirdi. İndi isə tam optimallaşdırılmış, yerli (native) tətbiq kimi istifadəyə verilib. Tətbiq konsolun texniki imkanlarına uyğunlaşdırılıb, HDR10 standartını dəstəkləyir və Steam Deck-i televizora qoşduğunuz halda 4K 60 FPS keyfiyyətində görüntü təqdim edə bilir.
Bundan başqa, artıq SteamOS əməliyyat sistemində anti-cheat (hiyləyə qarşı) uyğunluğu səbəbindən işləməyən çoxnəfərlik (multiplayer) oyunları da Steam Deck-də problemsiz oynamaq mümkün olacaq.
Tətbiqi yükləmək və ilkin qurulum üçün əvvəlcə masaüstünə keçmək, rəsmi vebsaytdan proqramı endirmək və daha sonra onu Steam-də üçüncü tərəf tətbiqi kimi əlavə etmək lazımdır.