spot_img
22 ноября, 2024
ДомойТелекомСтатьиİnternetin idarəolunmasi

İnternetin idarəolunmasi

Məlum olduğu kimi, «İnternet» və «World Wide Web» terminləri eyni məna daşıyır və sinonim olaraq istifadə olunur. Bununla belə, onların arasında bəzi fərqlər var. Əvvəlcə bu məsələyə aydınlıq gətirək

 

İnternetin yaradılması istiqamətində ilk addım hökumət layihəsinin bir hissəsi kimi atılmışdı. 1969-cu ildə kompüterlər arasında rəqəmsal məlumat mübadiləsi üçün yaradılan ARPANET adlı şəbəkə ABŞ-ın «Advanced Research Projects Agency» tərəfindən maliyyələşdirildi. Bunun əsasında 1970-ci ildə yaradılan TCP/IP Protokolunu isə öz bərabərində bu gün İnternet adlandırdığımız məfhumu meydana gətirdi.

Çox zaman «İnternet» termini infrastrukturdan tətbiqlərə, təqdim olunan materialların faktiki məzmununa qədər bütün texnologiya dəstinə işarə etmək üçün istifadə olunur. Halbuki, indi «İnternet» anlayışı rəqəmsal texnologiyaların inkişafının bütün cari aspektlərini əhatə etmir və təkcə istifadəçilərin sayına görə deyil, eləcə də internet üzərindən səs protokolu (VoIP), IPTV (IPTV), internet üzərindən video materiallarının təqdim edilməsi də daxil olmaqla, təklif olunan xidmətlərin çeşidi baxımından sürətlə böyüməyə davam edir.

1996-cı ilin fevralında yazdığı «Kiber məkanın İstiqlal Bəyannaməsi»ndə Con Perri Barlou (John Perry Barlow) qeyd edir ki, «İnternet transmilli xarakter daşıyır, dövlətin suverenliyi prinsipi kiber məkana şamil edilmir və hökumət idarəçiliyi suverenliyə təsir göstərmir… Kiber məkanda qərarlarımızı özümüz verəcəyik. Sizin bizi zorla idarə etməyə heç bir mənəvi haqqınız yoxdur və bəyan edirəm ki, biz azadlığın mövcud olduğu bir qlobal sosial məkan qururuq».

İdarəçiliyin bəşər sivilizasiyası qədər qədim tarixi var. Sadə dillə desək, bu məfhum qərarların qəbulu və icra edilməsi prosesini əks etdirir. İdarəetmə korporativ, beynəlxalq (dövlətlərarası), milli, yerli və digər səviyyələrdə həyata keçirilə bilər. İdarəetmənin başlıca aktorlarından biri hökumətdir.

WGIG (Working Group on Internet Governance — İnternetin idarəolunması üzrə işçi qrup) 2005-ci il hesabatına əsasən, «İnternetin idarəolunması hökumət, özəl sektor və vətəndaş cəmiyyəti tərəfindən hazırlanmış müvafiq qərarların qəbulu proseslərinin və proqramlarının hazırlanması və həyata keçirilməsini, internetin rollarla istifadəsini və inkişafını tənzimləyən prinsiplər, normalar, qaydalar əsasında həyata keçirilir».

İdarəetmə və ya idarəolunma terminin müxtəlif təşkilatlar tərəfindən bir-birindən fərqli mənalarda istifadə edilməsi müəyyən qarışıqlıq yaradır. Məsələn, OECD idarəetməni dövlətin iqtisadi və sosial resurslarından istifadə zamanı əldə edilən güc və səlahiyyət kimi müəyyən edir, BMT-yə görə isə idarəetmə termini hökumətin siyasi, iqtisadi və inzibati fəaliyyəti kimi müəyyənləştirir. Dünya Bankı «yaxşı idarəetmə» («good governance») terminini hökumətin və ya hökumətlərin şəffaflığa nail olmağa, korrupsiyanın azaldılmasına, dövlət idarəetməsinin səmərəliliyinin artırılmasına yönəlmiş islahatlar proqramlarında istifadə edir. Bu kontekstdə «idarəetmə» termini birbaşa hökumətin funksiyaları ilə bağlıdır.

Digər tərəfdən, idarəetmə termini müxtəlif dillərə tərcümə olunduqda iş daha da mürəkkəbləşir. Məsələn, ispan dilində bu termin mahiyyətcə hökumətə (gestión pública, gestión del sektor publico, función de gobierno) aiddir və ya ona istinad edir. Terminin hökumətlə bağlı olduğunu fransız dilində də görmək olar (gestion des affaires publiques, efficite de l’administration, qualite de l’administration, mode de gouvernement). Oxşar vəziyyət portuqal dilində (gestăo pública, administraçăo pública) də var. Burada Con Lennonun «Həyat başqa şeyləri planlaşdırarkən baş verənlərdir» sözünü yada salmaq yerinə düşər, çünki rəqəmsallaşan dünyamızda biz kiber məkanda hər addımbaşı elektron imza yaratmaqla məşğul olarkən, hökumətlər və şirkətlər haqqımızda məlumat toplayır və müxtəlif reklamlar vasitəsilə şəxsimizə və qərarlarımıza təsir göstərir.

Elektron dövrün inkişafı ilə insanların «elektron izləri» yarandı, bunun sayəsində fərdlərin harada olduqları, nə etdikləri, kimə nə dedikləri, nə aldıqları, insanların düşüncə və davranışları aşkar və şəffaf oldu. Bütün məlumatlar vacibdir və artıq hökumətin və şirkətlərin əlindədir. Buna görə də, idarəetmədə Böyük Məlumatların (Big Data) emalı ilə məşğul olan şirkətlərin təsiri hökumətlər qədər mühümdür.

İnternetin idarəolunması kifayət qədər mürəkkəbdir, çünki bir çox sualları, iştirakçıları, mexanizmləri, prosedurları və alətləri əhatə edir. İnternetin idarəolunmasının əsas məsələlərini həll edən bir sıra siyasi yanaşmalar da mövcuddur. Bunların müəyyənləşdirilməsi həm də məsələ ilə bağlı danışıqlar mövqelərini və siyasi debatların üsullarını müəyyən etməyə imkan verir.

«Kiber məkanın İstiqlal Bəyannaməsi»ndə deyildiyi kimi, «Ey sənaye hökumətləri, mən kiber məkanın yeni dünyasından gəlmişəm və gələcək adına sizə — keçmişdən qalan hökmdarlara müraciət edirəm ki, bizi rahat buraxın. Siz bu məkana dəvət edilmirsiniz. Bizim məkanda sizə yer yoxdur… Biz hər kəsin irqi fərqi, iqtisadi, hərbi gücü və ya doğulduğu yerin yaratdığı imtiyaz və qərəz olmadan daxil ola biləcəyi bir dünya yaradırıq». Amma, buna baxmayaraq, bugün həm dövlətlər, həm də böyük texnoloji şirkətlər qlobal şəbəkənin çox mühüm alət olduğunu dərk edir və onun idarə olunmasını öz əllərində saxlamağa çalışır.

Qlobal şəbəkənin dövlət sərhədlərini aşaraq suverenlik prinsipinin itməsinə səbəb ola biləcəyi ehtimalı bugünkü hökumətləri narahat edir. «Kiber məkanın İstiqlal Bəyannaməsi»ndə deyildiyi kimi, «Sizin bizi zorla idarə etməyə heç bir mənəvi haqqınız yoxdur və sizin zülmünüzdən qurtulmaq üçün biz özümüzə qlobal sosial məkan qurmuşuq». Beləliklə, biz bütün sərhədlərin və avtoritar rejimlərin ortadan qalxacağı dünya nizamına doğru irəliləyirik. Sənaye inqilabının 3.0 səviyyəsindən 4.0 səviyyəsinə keçməsi və qlobal şəbəkənin təklif etdiyi imkanlar nəzərə alındığında, bəzi mühüm suallar meydana gəlir:

  • Şirkətlərə məhdudiyyətsiz imkanlar tanıyan kiber məkan dünya iqtisadiyyatını və siyasətini dəyişmə potensialına malikdirmi?
  • Böyük Məlumatların (Big Data) emalı ilə məşğul olan iri texnologiya şirkətləri (Feysbuk, Əpl, Quql, Tvitter və), yəni Silikon Vadisi dünyanı birləşdirməyi və sərhədsiz vahid dünya yaratmağı hədəfləyir?

Əslində, iri texnologiya şirkətləri tərəfindən hazırlanmış və hələ də inkişaf etdirilməkdə olan «data mining» layihələrinə nəzər salsaq, düşünürəm ki, bu suallara cavab vermək çox da çətin olmaz.

2023-ci ilin məlumatlarına görə Feysbukun 2,989 milyard aktiv istifadəçisi var. Bu, əhali sayına görə ən böyük ölkələrlə (Çin, ABŞ, Braziliya, Hindistan) müqayisədə Feysbukun daha böyük «əhali»yə malik olması deməkdir. Əgər Feysbuk nə vaxtsa bir bəyannamə hazırlasa və yeni rəqəmsal dövlət yaratmağa çalışsa, bu bir həqiqətdir ki, o, bunu bacaracaq və vahid rəqəmsal dünyanın əsasını qoya biləcəkdir.

Başqa bir misal gətirək. Tvitter şəxsi məlumatların qorunması və ifadə azadlığı prinsipləri daxil olmaqla İnternetin idarəolunmasında həlledici rol olmayan şirkətlərdən biridir. 2009-cu ildə yazıçı Yevgeni Morozov Moldovada parlament seçkilərinin nəticələrinə qarşı kütləvi etiraz aksiyası üçün «Tvitter İnqilabı» ifadəsindən istifadə etdi. Eyni konsepsiya 2011-ci ildə «Ərəb Baharı» üçün də istifadə olunub. Sosial mediada inqilabının meydana gəlməsi və daha sonra böyük sürətlə yayılmasına, bununla da bir çox ölkələrə təsir etməsinə səbəb oldu.

İri texnoloji şirkətlərin təqdim etdiyi imkanlar indi avtoritar dövlətləri daha çox narahat etməyə başlayıb. Qlobal şəbəkə siyasi alətə çevrildiyindən kiber məkan artıq sərbəst istifadə olunan mühit deyil və internet azadlığı məsələsi gənc Belarus yazıçı və tədqiqatçı Morozovun kitabının əsas mövzularından biridir. Müəllif həmçinin İranda Tvitter inqilabından da bəhs edir. Yeni texnologiyaların təqdim etdiyi imkanlardan istifadə edərək qərb ölkələrinin hücumlarına məruz qala biləcəklərini nəzərə alan avtoritar dövlətlər ölkədaxili internet saytlarını daim nəzarət altında tutur, lazım gəldikdə onları tamamilə və ya qismən bağlayır, sosial şəbəkələrdə fəaliyyət göstərən etiraz qruplarını izləyir və çox sayda yoxlamalar aparır.

İstər avtoritar, istərsə də demokratik ölkələr kiber məkanını daim nəzarət altında tutur, çünki bu məkan artıq dövlətlərin strateji maraqları arasında yer alır. Amma bunu da nəzərə almaq lazımdır ki, bugün Silikon Vadisi dünyanın döyünən ürəyidir. Antonio Qarsia Martinesin 2017-ci ildə verdiyi müsahibəsində dediyi kimi, «siyasət və texnologiya arasında ciddi bir yarış var və hazırda texnologiya çox irəlidədir». Beləliklə, rəqəmsallaşma bütün sistemlərin, normaların, qanunların, sivilizasiyaların və sərhədlərin dağılmasına mümkün səbəb kimi qiymətləndirilə bilər.

Bundan anlaşıldığı kimi, sürətlənən qloballaşma və rəqəmsallaşma aparıcı dövlətləri güc bölgüsünü nəzərdən keçirərək yenidən formalaşdırmağa, yeni milli siyasət, təhlükəsizlik problemlərinə fərqli yanaşma, yeni normalar və standartlar yaratmağa vadar edir.

Ümumilikdə, İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) müasir siyasətə təsir göstərməyə qadir olan əsas güclərdən biridir. Artıq kiber məkanı quru, dəniz və hava hərbi sahələri ilə yanaşı yeni döyüş meydanı sayılır. Lakin kiber məkanda klassik iqtidar anlayışı fərqlidir, odur ki, kiber məkanını ənənəvi üslub, qayda və yanaşmalarla idarə etmək mümkün deyil. Ənənəvi üslublardan istifadə edən ölkələr burada uğur əldə edə bilməyəcək. Onu da qeyd edək ki, kiber məkanda iqtidar sadəcə hökumətin əlində deyil — o, texnoloji şirkətlər, beynəlxalq təşkilatlar, proqramçılar, insan hüquqları müdafiəçiləri, hüquqşünaslar və s. arasında bölüşdürülür. Bundan sonra dövlətlər öz kiber strategiyalarını bütün bu amilləri nəzərə alaraq formalaşdırmalıdırlar.

 

Nigar Quliyeva

Nigar Quliyeva, məlumatların mühafizəsi üzrə ekspert

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -