spot_img
28 марта, 2024
ДомойТелекомСтатьиKiber mühitdə rəqəmsal gender bərabərsizliyi

Kiber mühitdə rəqəmsal gender bərabərsizliyi

İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) müasir dövrün zəruri komponentidir

İKT dedikdə, həyatımızı bir çox hallarda kökündən dəyişdirən və hələ də dəyişdirməkdə davam edən kompüterlər, mobil telefonlar, radio və televiziya yayımı, şəbəkə texnologiyaları kimi başa düşürük. İKT dünya mədəniyyətini dəyişdirir, qabaqcıl texnologiyalar özü ilə birlikdə rəqəmsal transformasiya tələbini meydana gətirir. Kiber mühitə nəzər saldığımızda burada müxtəlif aktyorların eyni anda cəlb olunduğu və əməkdaşlıq etdiyini görə bilirik. Qeyd etmək lazımdır ki, rəqəmsal transformasiya eyni zamanda müxtəlif problemləri də gündəmə gətirir. Texnologiyaların yüksək sürətlə inkişaf etməsinə baxmayaraq, meydana gələn problemlərin həll olunmasına müəyyən vaxt tələb olunur və real həyatda mövcud olan bütün problemlər ardıcıl olaraq oflayn rejimdən onlayn rejimə keçir. Belə problemlər arasında gender bərabərsizliyi də yer alır ki, real həyatdakı bu problemin artıq onlayn rejimə keçdiyi gündəmdədir.

Rəqəmsal gender bərabərsizliyi milli və beynəlxalq səviyyədə siyasi gündəmdə yer alır. Hökumətlər, vətəndaş cəmiyyətləri, beynəlxalq təşkilatlar, özəl şirkətlər və digər quruluşlar bu problemin həlli üçün ölkələrarası müzakirələr apararaq onu həll etməyə çalışır. Şübhəsiz, İKT xidmətləri bütün insanlar üçün yaradılmışdır. Dünya əhalisinin yarısından çoxunun İnternetə çıxışı olmasına və İKT-nin gender balansını və qadınların hüquqlarını təmin etmək qabiliyyətinə malik olmasına baxmayaraq, qlobal miqyasda qadınlar İKT xidmətlərindən kişilərə nisbətən daha az faydalana bilir ki, bu da rəqəmsal gender bərabərsizliyini kəskinləşdirir.

İKT və İnternetin inkişafı ilə əlaqəli dəyişiklikləri, onların müxtəlif regionlarda genderlərarası münasibətlərə necə təsir etdiyini nəzərə almaq çox vacibdir. Rəqəmsal fəaliyyət qadınların hüquqlarının artmasını təşviq edir və onlara müxtəlif imkanlar yaradır, lakin patriarxal həyat tərzinin hakim olduğu bəzi regionlarda qadınlar İKT və Internetin imkanlarından tam istifadə edə bilmirlər. İstənilən halda İKT xidmətlərinin və İnternetin tətbiqinin öz bərabərində gətirdiyi bütün dəyişiklikləri, bunun qadın və qızların hüquqlarının artmasına nə dərəcədə təsir etdiyini müəyyənləşdirmək qlobal miqyasda olduqca əhəmiyyətlidir.

İKT xidmətləri və internet bəşəriyyət üçün müstəsna imkanlar yaratması ilə yanaşı, virtual aləmdə dəhşətli təhlükələrin, vəhşilik hallarının çoxalmasına da səbəb olur. Qeyd etmək istərdim ki, dövrümüzdə İKT və internet imkanlarından faydalanan qadınlar daim risk altında qalırlar. Araşdırmaların nəticələrinə görə, «Avropada hər on qadından biri 15 yaşından etibarən hansısa kiber zorakılığa məruz qalıb». Bu, həm ölkədaxili, həm beynəlxalq səviyyələrdə müvafiq sahədə fəaliyyət göstərən siyasətçilər üçün çox böyük problemdir.

Aydındır ki, son illər İKT sahəsi dəyişib, qabaqcıl texnologiyaların təqdim etdiyi müxtəlif yeni alətlər qurumların fəaliyyətində inqilab yaradıb. Bu, bir tərəfdən qlobal sosial-iqtisadi inkişaf prosesində qadın hüquqlarının artmasını təmin etsə də, digər tərəfdən qadın və qızların şəxsi həyatını təhlükə altına alır və onlar üçün rəqəmsal risklər yaradır. Odur ki, bu sahədə aparılan siyasətlər qadın və qızlara qarşı rəqəmsal zorakılığın qarşısını almağa və bununla mübarizə aparmağa, eyni zamanda onlayn rəqəmsal gender bərabərsizliyinə son qoymağa yönəlmişdir.

Qadın və qızlara qarşı onlayn zorakılıq və nifrət nitqinə qarşı milli və beynəlxalq səviyyədə bir sıra qaydalar tətbiq olunmuş, razılaşmalar imzalanmış, həmçinin İKT və İnternetdən daha təhlükəsiz və səmərəli istifadəni təmin etmək üçün bir sıra kampaniya və layihələr həyata keçirilmişdir.

Qeyd etmək istərdim ki, Beynəlxalq Telekommunikasiya İttifaqının rəqəmsal gender bərabərsizliyinə dair məlumatları göstərir ki, 2017-ci ildə gender fərqi 2013-cü illə müqayisədə qlobal miqyasda artmışdır. Belə ki, 2013-cü ildən bəri gender fərqi əksər regionlarda azalsa da, Afrikada bu problem əksinə, artıb. 2017-ci ildə internetə giriş payı kişilər üçün 50,9%, qadınlar üçün isə 44,9% təşkil edib. Ölkələrin üçdə ikisində kişilər üçün internetdən istifadə payı qadınlara nisbətən bir qədər daha yüksəkdir, lakin, misal üçün, Amerikada qadın internet istifadəçilərin payı kişilərə nisbətən daha yüksəkdir.

Gender bərabərsizliyi məsələləri bütün maraqlı tərəflərin diqqətini tələb edir. Bugün İnternetdəki bərabərsizlik mövzusunun aktuallığını şərtləndirən üç əsas səbəb var.

  1. Birincisi, dünyada qadınların əksəriyyətinin hələ də internetə qoşulmadıqları, texnologiyalardan istifadəetmə bacarıqlarına yiyələnmiş olmamaları və ya qabaqcıl texnologiyalardan maddi səbəblərə görə uzaq qalmalarıdır.
  2. İkincisi, internet hələ də kifayət qədər təhlükəsiz deyil. «Web Foundation and the World Association of Girl Guides and Girl Scouts» təşkilatının araşdırmasına görə, gənc qadınların yarısından çoxu virtual zorakılığa məruz qalır, qadınların 84%-i virtual mühitin hələ də problemli olduğunu düşünür.
  3. Üçüncü səbəb isə mövcud gender bərabərsizliyini dərinləşdirən alqoritmlərin mövcud olmasıdır.

Məsələn, aşağıdakı diaqramdan göründüyü kimi, müasir dövrdə İKT sahəsində kişi namizədlərə qadınlara görə daha çox üstünlük verilir.

LinkedIn məlumatlarına görə, ABŞ, Hindistan, Braziliya, Böyük Britaniya və Kanadada virtual hesabların 56%-i kişilərə məxsusdur. Nəzərdən keçirilən hesablara görə, səhiyyə, pərakəndə satış və maliyyə xidmətləri sahələrində rəhbər vəzifələrdə gender tərazsızlığı çox bariz görünür. Səhiyyə sahəsində LinkedIn hesablarının 60%-i qadınlara məxsus olsa da, liderlik mövqeyində olan üzvlərin yalnız 45%-i qadınlara aiddir. Oxşar boşluq pərakəndə və maliyyə xidmətlərində də mövcuddur ki, burada qadınların payı yalnız 29%-dir.

OECD-nin Feysbukda qeydiyyatdan keçmiş kiçik və orta müəssisələrin biznes sorğusuna görə, KOBİ mövqelərinin 65%-i kişilərə məxsusdur.

Sözügedən problem Vikipediyada da mövcuddur. 2001-ci ildə yaradılan Vikipediya ən çox ziyarət edilən vebsayt sayılır. Lakin bu saytda da gender bərabərsizliyi yer alır. Dörd roman müəllifi, müasir Amerikalı yazıçı Amanda Filipaççi «Nyu York Taymz» qəzetinə verdiyi müsahibədə maraqlı hadisə haqqında danışıb. Belə ki o, bu yaxınlarda təsadüfən görüb ki, Vikipediya onu «Amerikalı yazıçı-nasirlər» kateqoriyasından çıxarılaraq «Yazıçı-nasirələr» (yəni, qadın yazıçılar – red.qeyd) və «Etnik azlıq mənşəli nasirlər»i əhatə edən «Digər nasirlər» kateqoriyasına daxil edib. Buna təəccüblənən Filipaççi özü-özünə «yaxşı, bəs belə halda Vikipediyada «Kişi yazıçı-nasirlər» kateqoriyası varmı» sualını verib və görüb ki, belə bir kateqoriya yoxdur. Vikipediya redaktorlarının müsahibəyə reaksiyası isə gecikməyib: Amandanın səhifəsi «əlavə redakdə edilməsinə ehtiyac var» bəhanəsilə bağlanıb.

Qənaətimə görə, hazırkı İKT xidmətləri, xüsusilə də süni intellekt texnologiyaları birmənalı olaraq gender bərabərsizliyinə yol açır. Bütün rəqəmsal proqramlar, o cümlədən, «Google Search» də bunu edir, çünki bu rəqəmsal proqramların hamısı sadəcə olaraq müəyyən alqoritm üzərində qurulub. Odur ki, istifadəcilər hansı məlumatlardan, hansı tövsiyələrdən, hansı mənbələrdən faydalanacaqları, kimlərlə görüşməli olduqları və s. proqram tərəfindən əvvəlcədən təyin edilir və beləliklə istifadəçi müəyyən çərçivə daxilində hərəkət etməli olur.

«Pew» İnternet Araşdırma Mərkəzinin dediyinə görə, Microsoft gənclərə Tvitterdə reaksiya verən botları öyrətməklə məşğuldur. Lakin burada təhlükə ondan ibarətdir ki, həmin botlar gəncləri təqlid edərkən sadəcə müsbət məzmunlu reaksiyaları deyil, eləcə də nifrət nitqi kimi arzuolunmayan şablonları da təqlid edə bilir. Süni intellekt ilə bağlı araşdırma göstərir ki, kodlar gender və irqi ayrı-seçkiliyi təkrarlaya bilir, çünki onlar çox sayda məlumatları, o cümlədən, müxtəlif faydasız və zərərli məlumatları toplayır və kor-koranə şəkildə təkrarlayır.

Texnologiya sahəsinin çərçivəsi platformaların, tətbiqlərin, qabaqcıl texnologiyaların və rəqəmsal vasitələrin kommersiyalaşdırılmasına təsir göstərir. Qeyd etmək vacibdir ki, qabaqcıl texnologiyaların texniki xüsusiyyətləri qadın və qızların kiber məkanda hər girişdə təhlükə altında qalma riskini artırır. Buna görə bu kimi problemlərin həlli üçün istər ölkədaxili, istərsə də beynəlxalq miqyasda hüquqi perspektivdən də yanaşmaqda fayda var.

Bu kontekstdə qeyd olunan məqam BMT-nin qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının aradan qaldırılması haqqında 1979-cu il tarixli Konvensiyasını göstərmək olar. Sənədin əsas məqsədi qadınlara qarşı ayrıseçkiliyi aradan qaldırmaq və cəmiyyətdə qadınlar üçün bərabər hüquqlar yaratmaqdır.

Qadın hüquqlarının müdafiəsi ilə bağlı digər mühüm sənəd BMT-nin 1952-ci il tarixli Qadınların Siyasi Hüquqları Konvensiyasıdır. Sənədin əsas məqsədi hər kəsin hökumət idarəetməsində birbaşa və ya dolaylı olaraq iştirak etmək hüquqlarının olduğunu, kişi və qadınların eyni hüquqlara sahib olduqlarını vurğulamaqdır.

BMT-nin İnsan Hüquqları Şurasının 2016-cı ildə qəbul etdiyi «İnternetdə insan hüquqlarının təşviqi, qorunması və həyata keçirilməsinə dair» qətnaməsində insanların oflayn hüquqlarının onlayn şəkildə də qorunmalı olduğu vurğulanır. Sənədin 6-cı Maddəsində BMT bütün dövlətləri «rəqəmsal gender bərabərsiliyini aradan qaldırmağa, bütün qadın və qızların hüquqlarının artırılmasını təşviq etmək üçün imkan yaradan texnologiyalardan, xüsusən də informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməsini genişləndirməyə» çağırır.

BMT Baş Assambleyasının rəqəmsal dövrdə məxfilik hüququna dair qətnaməsində (2016) qeyd olunduğu kimi, «Rəqəmsal dövrdə qadınların, usaqların və digər insanların məxfilik hüququnun pozulması və sui-istifadəsi mənfi təsir göstərə bilər.» BMT-2030 layihəsi BMT-nin müxtəlif hədəfləri arasında bütün qadın və qızlar üçün bərabər gender hüquqlarının təmin olunmasına zəmanət verir. Layihə «Qadın hüquqlarının artırılmasını təşviq etmək üçün imkan verən texnologiyadan, xüsusən də informasiya və kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi» və «İctimai və özəl sahələrdə qadın və qızlara qarşı zorakılığın bütün formalarının aradan qaldırılması» məqsədini əhatə edir.

2018-ci il iyulun 4-də BMT-nin İnsan Hüquqları Şurası «Qadınlara qarşı internetdə kiber zorakılıq və nifrət nitqi» ilə bağlı «İnternetdə insan hüquqlarının təşviqi, müdafiəsi və həyata keçirilməsi, həmçinin məxfiliyin pozulması, məlumatların oğurlanması və qadınlara qarşı zorakılığa dair» qətnamələri səsverməyə çıxarmışdır.

Digər müqavilələr arasında Kibercinayətkarlıq üzrə Budapeşt Konvensiyası və 2001-ci ildə qəbul edilmiş əlavə protokol internetlə bağlı cinayətlərə qarşı yönəlmiş ilk beynəlxalq müqavilələr arasında yer alır.

2017-ci ildə imzalanmış İstanbul Konvensiyası qadınların şiddətdən və məişət zorakılığından müdafiəsini təmin edən bir digər sənəddir. Xüsusilə qeyd edək ki, həmin sənəd konvensiyanı imzalayan dövlətlər üçün qadına qarşı məişət zorakılığı və zorlanma halları, qadınların belə hallardan müdafiəsi, bunu törədənlərin təqib olunmaları və cəzalandırılmaları ilə bağlı standartları müəyyənləşdirir.

Avropa Şurasının 2007-ci ildə imzalanmış «Uşaqların cinsi istismarı və cinsi istismardan müdafiəsi haqqında» Lanzarote Konvensiyası uşaqlara qarşı hər cür zorakılığın cinayət olaraq təsnif olunmasını tələb edir.

Avropa Birliyində onlayn kobud rəftar və onlayn nifrət nitqinə dair bir sıra qayda, direktiv və razılaşmalar mövcuddur. Bu sənədlər arasında «General Data Protection Regulation» (Ümumi Məlumatların Qorunması Qaydaları) (GDPR), «Directive on E-Commerce» (Elektron Ticarət üzrə Direktivi), «The Victims’ Rights Directive» (Qurbanların Hüquqları Direktivi), «Directive on combating the sexual exploitation of children online and child pornography» (Uşaqların onlayn cinsi istismarı və uşaq pornoqrafiyası ilə mübarizə üzrə Direktiv) sənədləri kiber məkanda fərdlərin qorunmasını təmin edir.

 

Nigar Quliyeva

Nigar Quliyeva, məlumatların mühafizəsi üzrə ekspert

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,056ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -