spot_img
29 марта, 2024
ДомойSoftwareИгрыBattlefield 1 icmalı

Battlefield 1 icmalı

Battlefield şuter seriyası 10 ildən çoxdur ki, mövcuddur və bu müddət ərzində dünyanın hər tərəfində milyonlarla pərəstişkar qazanıb. Maraqlıdır ki, oyunun baza mexanikası yeni əlavələrlə zənginləşdirilərək ilk seriyasından bəri heç dəyişmədi. Amma DICE studiyasında çalışan tərtibatçılar hər dəfə bu oyunu elə bir yeni libasa bürüyürdülər ki, o, yeni rənglər qazanırdı, geymerlər isə hər yeni reliz ərəfəsində səbirsizliklə treylerləri gözləyirdilər. Battlefield hər zaman multipleyer savaşına yönəlmiş, süjet xəttinin əsl döyüşdən öncəki təlim rolunu oynayaraq ikinci planda qaldığı bir oyun olub. Tərtibatçılar bu dəfə də öz ənənələrinə sadiq qaldılar.

1

Battlefield 1-in süjeti özündə bir çox sürpriz gizlədir. Burada kəskin, gözlənilməz döngələrə rast gəlməyəcəksiniz, çünki oyunda böyük vahid kampaniya yoxdur. Əvəzində burada Birinci Dünya Müharibəsinin müxtəlif dövrlərinə aid və müxtəlif müharibə teatrlarında baş vermiş 5 ayrı, bir biri ilə əlaqəsi olmayan savaş hekayəsi var. Bu hekayələrin hər biri əsl Hollivud səviyyəsində rejissüra əsasında hazırlanıb. Misal üçün, düşmən ordusunu yararaq irəliləyən tank ekipajı haqqında adi bir hekayə sizə bir neçə sözün əsl mənasında dramatik anlar yaşadacaq. Quruluşçu işinə gəlincə, Battlefield 1 bu baxımdan qüsursuzdur. Oyunun multipleyer rejimində təqdim etdiyi saysız-hesabsız maraqlı məqamlar bir yana qalsın, burada ən adi şeylər incə zövqlə hazırlanıb. İlk dəfə oyunu işə saldıqda əsas menyunu görməyəcəksiniz, bunun yerinə oyun sizi orijinal saundtrek və gözəl video müşaiyətində düşmənin hücumunu dəf etməyə çalışan tək bir əskər simasında birbaşa döyüş meydanına gətirəcək. Düşmənin gücü üstündür və bu əskər düşmən atəşinin, qumbara partlayışlarının arasında həyatını itirəcək. Bundan sonra kamera döyüş meydanın üzərində yüksəlir, ekranda həlak olan əskərin adı, doğum və ölüm tarixi görünür. Bundan sonra oyun sizi pulemyotdan atəş açan başqa bir əskərin bədəninə salacaq və onun da sonu eyni olunca tankdan atəş açacaq, öz gözlərinizlə qaz hücumunun şahidi olacaqsınız. Bütün bunlar ta ki, final səhnəsi gələnədək davam edəcək. Hər bir əskərdən digərinə keçid müharibənin nə qədər ağır və amansız olduğu haqda sözlərlə müşaiyət olunur. Bu epizod 10 dəqiqə davam edir, amma insanın hafizəsində dərin iz buraxır.

2

Lakin Battlefield ilk növbədə çox istifadəçilik oyundur, odur ki, gəlin, multipleyerdən bir az ətraflı danışaq. Əvvəlcə təkmilləşdirilmiş Battlelog-u (bu, personajı idarəetmə, oyun serverlərinin axtarışı və onlara qoşulma, dostlarla əlaqə və statistika öyrənmə servisidir) qeyd edək. İndi bu servis oyuna daha yaxşı inteqrasiya olunub, üstəlik, ayrıca pencərədə oyunun başqa seriyalarındakı şəxsi statistikanızı görə bilərsiniz. Bir sözlə, Battlelog elə bir hala gətirilib ki, artıq o, Battlefield 4 və Battlefield 1 üçün vahid statistika mərkəzinə çevrilib. Bu yaxınlarda Battlelog eləcə də Battlefield: Hardline-ı dəstəkləyəcək. Əvvəlcə öz personajınız üçün nişan və xüsusi jetonlar seçməlisiniz. Bunlardan bir qismini oyun əsnasında qazanacaqsınız, digəri isə yenə də oyun əsnasında blokdan çıxarılaraq sizə veriləcək. Daha dəqiq tənzimləmələri, o cemlədən, silah seçimini isə oynayarkən tamamlaya bilərsiniz.

3

Baxmayaraq ki, serial fanatları silahların yavaşlayacağından əndişə edirdilər, bu, elə də böyük problem yaratmadı. Düzdür, bazuka və cevelin, habelə müasir müharibənin digər “ləvazimatı” yoxa çıxdı, amma unutmayaq ki, söhbət Birinci Dünya Müharibəsindən gedir, odur ki, buradakı əsas silahlarımız sabit toplar, qumbaralar və dinamit olacaq. Tankvuran toplar da var, amma təkbaşına bu silahla uzaqbaşı yüngül tankı vurmaq mümkündür. Əvvəlki kimi, silahlar bir neçə sinfə ayrılıb: uzunməsafəli snayper tüfəngləri, tapancalar, əl pulemyotları, pompa tüfəngləri, yaxın təmas silahları və hər sinif üçün xüsusi qadcetlər.

4

Görməyə alışdığımız həkim, hücumçu və dəstəkçi qəhrəman (o, həm də texnikdir), kəşfiyyatçı-snayper, pilot və tankçıdan başqa indi oyuna süvarilər də əlavə olunub. Bunlardan hər birinin öz silah dəsti, əşya və ləvazimatı var. Belə ki, həkim hamıya dərman qutuları paylayır, snayper düşmənin yerini təyin edib işarələyir, sonra da uzaq məsafədən məhv edir və s. Seçmək üçün geniş imkan var, hər kəs istədiyini əldə edə bilir. Arabir xüsusi hərbi geyim dəstləri də xəritədə peyda olacaq. Bu geyimi geyib əsl öldürmə maşınına çevriləcəksiniz, düşmənə şiddətli pulemyot atışi və dəst-dəst qumbara yağdıracaqsınız. DICE rəssamları və dizaynerləri həm təkli, həm də multipleyer kampaniyalar üçün ona yaxın bir-birinə bənzəməyən lokasiya hazırlayıblar. Hər xəritə yetərincə genişdir və bir çox taktiki manevr yaratmağa imkan verir.

5

Oyunun 6 müxtəlif oynama rejimi var, amma buna baxmayaraq, tərtibatçılar növbəti təkmilləşdirmələrdə onların sayını artırmağa söz verirlər. «Ələkeçirmə» və «Üstünlük» rejimlərində nöqtələri əlinizdə saxlayaraq xal qazanmalısınız. «Komandaların döyüşü» rejiminə hər hansı şərf gətirməyə ehtiyac yoxdur. «Hücum» rejimində teleqrafları partladaraq cəbhə xəttini düşmən tərəfə çəkmək lazımdır. Rejimlərdən biri də «Hərbi göyərçinlər» rejimidir. Həmin rejimdə oynayarkən bəzən xəritədə göyərçinlər görünəcək. Komanda o göyərçini tutub bir müddət saxlamalıdır ki, qərargaha məktub yazıb onunla göndərsin. Bunu bacarsanız, düşmən mövqeləri tezliklə güclü top atəşinə tutulacaq. «Hücum» və «Ələkeçirmə» rejimlərinin hibridi kimi təsnifləndirə biləcəyimiz «Hərbi əməliyyatlar» rejimində real tarixi hadisələr əsasında seyr edir. Multipleyerdəki daha bir yenilik Nəhənglərdir. Əgər komanda məğlubiyyətə ciddi şəkildə yaxındırsa, onun imdadına nəgənglərdən biri: zirehli qatar, gəmi və ya dirijabl gəlir . Bu nəhənglərdən hər biri müharibənin gedişatını kəskin şəkildə dəyişdirib düşmənə ağır xəsarət vurmağa qadirdir.

Yekun olaraq deyə bilərik ki, Battlefield 1 sizin sərt diskinizdə uzun müddətə məskən salacaq. Bu, nəinki multipleyerdə, eləcə də təkli rejimdə bir çox imkanlar yaradan, maraqlı, hərtərəfli düşünülmüş, kompleks oyunddur. Narazı qalmayacaqsınız!

  • Platforma: PS4, Xbox One, PC
  • Buraxılış tarixi: 21 oktyabr 2016
  • Janr: FPS
  • Tərtibatçı: EA DICE
  • Nəşriyyatçı: Electronic Arts
  • Rəsmi sayt: www.battlefield.com
  • Yaş həddi: 18+

Tələblər:

  • Əməliyyat sistemi: Windows 10 (64-бит);
  • Prosessor: Intel Core i7 4790 / AMD FX-8350 Wraith;
  • Əməliyyat yaddaşı: 16 Gb;
  • Videokart: NVIDIA GeForce GTX 1060 3 Gb / AMD Radeon RX 480 4 Gb, DirectX 11 ilə uyğunlaşa bilən;
  • Sərt diskdə 50 Gb boş yer.
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -