Azərbaycan “Startap”ları ilk dəfə deyil ki, BakuTel telekommunikasiya sərgisində öz layihələrini təqdim edir. Bu il keçirilən 20-ci yubiley Bakutel-2014 də istisna olmayıb. Son bir il ərzində yerli “Startap”ların arasına yeni, maraqlı layihələr qatıldı, Yüksək Texnologiyalar Parkı öz nəzdində hətta biznes-inkubator yaratdı. Məhz buna görədir ki, Parkın bu ilki stendində “Startap” adına namizəd olan və investisiya arayışında olan 20-dən artıq layihə təmsil olundu.
Sizi həmin layihələrdən ən maraqlı olanları ilə tanış olmağa dəvət edirik:
Endirim və bonus kartlarının mərkəzləşdirilmiş saxlanma və idarəetmə xidməti (www.xercim.az). Hesabınıza bonus kartınızı əlavə etmək üçün həmin kartın arxa hissəsindəki barkodu skan etmək kifayətdir. Bundan sonra həmin endirim sistemindən kartınızı yanınızda daşımadan, mobil tətbiq vasitəsilə faydalana bilərsiniz. Hal-hazırda bu mobil tətbiq bir çox populyar endirim sistemlərini, o cümlədən, “MyBrands”, “Multibon”, “Bazarstore” və “Ulduzum” endirim kartlarını dəstəkləyir. Tətbiqin “Android” versiyasını https://play.google.com/store/apps/details?id=az.xercim keçidindən əldə edə bilərsiniz. Tətbiqin iOS versiyası isə hələlik işlənib hazırlanmaqdadır və müəllif heyətinin dediyinə görə, 2015-ci ilin ilk rübündə istifadəyə veriləcək.
“Baku Parkinq” avtomobil dayanacaq haqlarını ödəmək üçün nəzərdə tutulmuş mobil tətbiqdir. Bu tətbiq avtomobil dayanacaq yeri olan ən yaxın ticarət mərkəzlərini müəyyənləşdirib oradakı boş yer sayı haqqında məlumat verir. Tətbiq vasitəsilə dayanacaq haqqını avtomobildən çıxmadan ödəmək olar. Hazırda bu tətbiq məhdud test prosesindən keçir, lakin 2015-ci ilin yanvar ayından başlayaraq artıq bütün müştərilər üçün əlçatan olacaq.
“Cready” adlı proqram təminatı mağazalar üçün yaradılıb və malların kreditlə satışında istifadə olunacaq. “Cready” kreditləşmə sistemindən istifadə edən bütün mağazaların ümumi kredit tarixi ilə tanış olmaq səlahiyyəti olacaq, kreditorlar isə istifadəçilərin etibarlılığı barədə məlumat əldə edə biləcəklər. Nəticədə mağazalar vicdansız alıcılardan özlərini qoruya biləcək.
“Soteqa” şirkəti Azərbaycanda proqram təminatları üzrə məsləhətlər verən və testlər təşkil edən ilk şirkətdir (www.soteqa.com). “Soteqa” bütün populyar testetmə növlərini, o cümlədən, funksional testlərini, GUI-testlərini, habelə Proqram təminatının səmərəlilik testlərini dəstəkləyir.
“Butarek” şirkəti veb-saytlarda reklam yerləşdirmə xidmətlərini təqdim edir (http://butarek.com). Bu xidmət hədəf auditoriyanın müəyyənləşdirməsində geniş imkanlar yaradır.
“Pulse Digital Agency” Sosial media marketinq sahəsində xidmət göstərən interaktiv agentlikdir.
“Terminal.az” internet xidməti avtomobil sahiblərinə və sürücülərə elektron poçt vasitəsilə yol hərəkatı qaydalarının pozuntusu haqqında məlumat verir.
“RoadInfo” mobil tətbiqi Bakı şəhəri üzrə avtomobil yollarındakı vəziyyət barədə məlumat verir (www.roadinfo.net). Bu tətbiqdən istifadə edənlər mərkəzi küçələrdəki hərəkət sürəti barədə, habelə yol təmir işləri barədə məlumat alırlar. Hələlik bu tətbiq “Beta” mərhələsindədir və yalnız “Android” sistemi üzərində işləyən qurğulardan istifadə oluna bilər: https://play.google.com/store/apps/details?id=net.roadinfo.activities.
“GetUDrive” şəxsi avtomobili icarəyə vermək üçün yaradılmış “onlayn” xidmətdir (http://getudrive.com). Bu xidmətin həm zəngin funksionalı, həm də avtomobil sahibləri barədə, eləcə də xidmətdən daha əvvəl istifadə edib icarəyə avtomobil götürənlər barədə məlumat bazası mövcuddur.