Ötən əsrin sonlarında və 2000-ci illərin əvvələrində izlədiyimiz bir çox «Hollywood» filmlərində gələcəklə bağlı müxtəlif və maraqlı səhnələrə şahid olmuşuq. Uçan maşınlar, təkcə ev işlərində deyil, həm də şəxsi həyatımızda bizə köməkçi olan robotlar, yeni aşkarlanmış planetlər, gündəlik həyatı daha da rahat edən super kompüterlər və bu kimi digər innovasiyalar bizə yaxın gələcəkdə əlçatan kimi görünmürdü. Lakin texnologiya sürətlənərək illər deyil, aylar ərzində inkişaf etməyə başladı. Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən ağıllı telefonlar, dünyanın dörd bir yanında yaşayan insanları birləşdirən sosial şəbəkələr, ev işlərində köməkçilik edən ağıllı paltaryuyan, tozsoran və digər robot-cihazlar, səsləndirdiyimiz əmri eşidib yerinə yetirməyə hazır olan köməkçilər — bütün bunlar birdən birə adi bir hala gəldi. Bütün bu texnologiyalar elə indi, siz bu məqaləni oxuyarkən inkişaf etməkdə davam edir, təkmilləşir.
Gələcəyin nə qədər yaxın olduğuna dəlalət edən texnologiyalardan biri də bu gün sizə haqqında bəhs edəcəyimiz pilotsuz avtomobillərdir. Bəli, çox yaxında avtomobil idarə etmək üçün sürücü tələb olunmayacaq. Maraqlısı da odur ki, belə avtomobillər yollarda daha təhlükəsiz hərəkət etməyə qadirdir. Odur ki, gəlin, gələcəyin maşınları haqqında daha ətraflı bəhs edək.
İlk dəfə özünü idarə edən avtomobillər haqqında söz-söhbətlər hələ 1939-cu ildə başlamışdı. Həmin il keçirilən sərgidə General Motors şirkətinin təqdim etdiyi yollar vasitəsilə idarə olunan avtomobillər tarixə avtonom hərəkət etmə texnologiyası yolunda atılan ilk addım kimi keçdi.
Pilotsuz avtomobil tamamilə avtomatlaşdırılmış sistemlə təchiz olunmuş, sürücüsüz özünü idarə edən nəqliyyat növüdür. Avtomobilin idarə olunması optik ötürücülər, radiolokasiya, GPS, kameralar və kompüter alqoritmləri vasitəsi ilə həyata keçirilir. Hal-hazırda bu tip texnologiyanın şəxsi istifadə üçün bazara çıxarılması istisna edilir və yalnız sərnişin və yükdaşıma məqsədləri üçün istifadə olunur. Lakin, bununla belə, bəziləri artıq avtonom idarəetmədən istifadə edir. Məsələn, avtoparkinq, kruiz-kontrol, əyləclərin və sükan çarxının avtomatik tənzimlənməsi müasir avtomobillərin çoxunda mövcuddur. Tamamilə avtomatik idarə olunma isə şəxsi istifadə üçün hələlik lazımsız bilinir və satışlar yalnız taksi, avtobus, yükdaşıma şirkətləri üçün həyata keçirilir.
General Motors-un bir qrup eksperti bildirib ki, tamamilə təhlükəsiz və özünü idarə edən avtomobillər yollara 2020-ci ildən etibarən kütləvi şəkildə çıxmağa başlayacaq.
The Economist jurnalının apardığı araşdırmaların nəticələrindən məlum olub ki, yollarda baş verən avtomobil qəzalarının 90%-i məhz sürücü ehtiyatsızlığından baş verir. Mütəxəssislər qeyd edirlər ki, yollarda yaranan tıxaclar, qəzalar və ölüm hallarının baş verməsi birbaşa insan faktoru ilə bağlıdır. Pilotsuz avtomobillərin, eləcə də avtonom texnologiyanın istifadə olunması ilə yolların daha sahmanlı, təhlükəsiz olacağı düşünülür.
BI Intelligence şirkətinin proqnozlarına əsasən 2020-ci ildə yollarda təxminən 10 milyon pilotsuz nəqliyyat vasitəsi mövcud olacaq.
«Biz uzun zamandan bəri elmin elə bir səviyyəyə çatmasını gözləyirdik ki, filmlərdə və xəyallarda gördüyümüz özünü idarə edən avtomobillər reallığa çevrilsin, və bu, baş verdi», — deyə, Intel şirkətinin avtonom idarə sistemləri üzrə mühəndisi Cek Uist bildirib.
SAE International avtomobil mühəndisləri birliyi pilotsuz nəqliyyat vasitələrini 5 səviyyə üzrə təsnifləndirib. Birinci və ikinci səviyyəyə kruiz-kontrol, əyləc-sükan tənzimləmə, avtoparkinq kimi sistemlərlə təchiz olunmuş nəqliyyat vasitələri aiddir. Üçüncü səviyyədə «avtopilot» funksiyasına sahib olan, lakin sürücünün sükana nəzarət etməsini tələb edən nəqliyyat vasitələri yer alır. Dördüncü səviyyəyə aid pilotsuz avtomobillərdə sürücü sükan arxasında yer alsa belə, hərəkətə nəzarət etməsi tələb olunmur. Nəhayət, beşinci, ən yüksək səviyyədəki avtonom nəqliyyat vasitələrində sürücü oturacağı ümumiyyətlə mövcud deyil, avtomobil tamamilə özü idarə olunur.
Mühəndis Cek Uist pilotsuz avtomobillər barədə daha bir maraqlı fikir bildirib. O, qeyd edir ki, bu tip avtomobillərin idarə olunması çox böyük miqdarda verilənlərin emal edilməsini tələb edir. Müqayisə üçün, mobil telefonlar gündəlik istifadə zamanı orta hesabla 2 GB həcmində məlumat email edirsə, özünü idarə edən avtomobil təkçə bir saat ərzində bir neçə TB həcmində verilənlərlə işləyəcək. Bütün bu məlumatlar bulud sistemlərinə göndərilməlidir və bunun üçün avtomobillər çox güclü hesablayıcı və alqoritm sistemləri ilə təchiz olunmalıdır. Bu isə belə avtomobillərin qiymətinin həddindən artıq baha olacağına dair bir işarədir. Yuxarıda qeyd etdiyimiz kimi, bu tip avtomobillər şəxsi istifadə üçün yaxın gələcəkdə hələ ki, istisna edilir.
Pilotsuz avtomobillər müxtəlif optik ötürücü, kamera, lidar, radar kimi ətraf mühiti mükəmməl şəkildə təhlil edə bilən sistemlərlə təchiz olunur. Məsələn, kameralar maşının yaxınlığında dayanan insanı aşkarlayır, radar həmin insanın kölgəsini hesablayıb sistemə onun tam olaraq hansı nöqtədə olduğunu bildirir. Beləliklə, avtomobil həmin insana yaxınlaşdıqda avtomatik olaraq ən təhlükəsiz məsafədə dayanacaq. Cek Uist bildirib ki, İntel pilotsuz avtomobilləri ən son ötürücü sistemlərlə təchiz etməyə çalışır, çünki pilotsuz nəqliyyat vasitələri şəhər mühitində yolda yarana bilənəcək ən cüzi maneəni belə aşkar etmək qabiliyyətinə sahib olmalıdır.
Hal-hazırda bir çox şirkət pilotsuz avtomobillərin istehsalı ilə məşquldur. Məsələn, Google, General Motors, Cognitive Technologies, Volkswagen, Audi, BMW, Volvo, Nissan kimi iri şirkətlər lazımi sənədləşdirmə prosesini həyata keçirərək avtonom nəqliyyat vasitələrini istehsal etmək hüququna sahib olublar.
2008-ci ilin may ayında General Motors şirkəti 2015-ci ildə pilotsuz maşınların sınağına start verəcəyinə, 2016-cı ildə bazara bu tip maşınları təqdim etməyə başlayacağını elan etmişdi. 2016-cı ilin may ayında isə General Motors və Uber-in birbaşa rəqibi Lyft şirkəti özünü tam idarə edən Bolt adlı elektrik taksilərin sınağına start verəcəklərini bəyan etdilər. Bu taksilərin avtopilot hissəsi isə Cruiz Automation şirkəti tərəfindən təqdim olunacaq.
Nissan şirkəti öz növbəsində 2017-ci ildən başlayaraq Qashqai modelinin yarı avtomatik modelini bazara təqdim edəcəyini bildirib. Volvo şirkəti hazırda sınaqlarını keçirdiyi yarı-avtomatik qatarı 2021-ci ildə satışa çıxarmağa hazırlaşır. BMW, Volkswagen, Audi kimi iri şirkətlər də trenddən geri qalmayaraq bənzər məhsullarını 2022-ci ildə bazara təqdim edəcəklərini bəyan ediblər.
Cari ilin avqust ayının 18-də Uber şirkəti rəsmi olaraq bəyan etdi ki, sərnişin nəqliyyatı üçün nəzərdə tutulan pilotsuz avtomobilləri ilk olaraq Pitsburqda istifadə etməyə başlayacaq. İlk vaxtlarda təhlükəsizlik və sığorta məqsədilə avtomobildə sürücü olacaq. Artıq sentyabrın 14-dən başlayaraq belə pilotsuz taksilər sərnişin daşınmağa başlayıb.
Google pilotsuz avtomobili
Google X laboratoriyasında Sebastian Trun adlı mühəndisin başçılığı ilə pilotsuz avtomobil istehsalı üzrə bir layihə həyata keçirilir.
Hələ 2011-ci ildə Google yollarda pilotsuz avtomobillərin hərəkət etməsi üçün Nevada ştatı hakimiyyətindən rəsmi icazə almışdı. Ardından 2012-ci ildə Google şirkəti eyni lisenziyanı Kaliforniya ştatında da əldə etdi.
Google pilotsuz avtomobili Google Street View servisi, videokameralar, lidar və radar sistemlərindən toplanan informasiyanı birləşdirərək nəqliyyat vasitəsinin tamamilə müstəqil hərəkət etməsini təmin edir.
2016-cı ildə Google və Fiat Chrysler müqavilə imzaladılar. Bu müqaviləyə əsasən, 100 ədəd Chrysler Pacifica pilotsuz avtomobili istehsal olunacaq. Bu maşınlar hibrid mühərrik və 8 sərnişin yerinə sahib olacaq.
Qəzalar
KİV-lərin verdiyi məlumata görə, 2015-ci ilin iyun ayında Google pilotsuz avtomobilinin iştirakı ilə qəza baş verib və avtomobilin içində olan Google şirkətinin müşahidəçiləri müxtəlif xəsarətlər alıblar.
2016-ci ilin Fevral ayında Google pilotsuz avtomobili ilk dəfə qeydə alınmış kompüter səhvinə görə sürət tənzimlənməsində yaranan problemlər səbəbindən qarşıdan gələn avtobusla toqquşub.
Tesla avtopilot
Electrokar istehsalçısı Tesla avtonom texnologiya sahəsində sadalanan şirkətlər arasında bəlkə də ən çox inkişaf etmiş şirkətdir. Kaliforniyalı şirkət artıq avtopilot texnologiyasının demək olar ki, bütün funksiyalarını tətbiq etməyi bacarıb: sürətlənməyə, manevrə, əyləc və sükan sisteminə tam nəzarət, maneələrin 100% aşkar edilməsi, ötmə prosesləri və s. Lakin, qeyd etmək lazımdır ki, cari ilin fevral ayında Tesla Model S tipli elektrik atomobil avtopilot rejimində hərəkət edərkən qatarla toqquşub və sürücü həyatını itirib. Şirkət rəsmiləri bu hadisəni sistemdə olan nasazlıqdan çox şəbəkə ilə itirilmiş əlaqə ilə bağlayırlar.
Tesla Motors-un təsisçisi İlon Mask isə öz növbəsində bildirib ki, özünü tam idarə edən elektrik avtomobillər yaxın iki ildə kütləvi istehsal olunmağa başlayıb yollara çıxarılacaq. Hələlik isə onun şirkəti yalnız sınaqlar keçirməklə məşquldur və sistemi təkmilləşdirməyə çalışır.
Uber də pilotsuz avtomobillərə üstünlük verdi
Uber-in pilotsuz avtomobillər bazarına daxil olacağı haqqında məlumatlar oraya çıxan gündən bəri onun hansı modellərdən istifadə edəcəyi ictimaiyyətin marağına səbəb oldu. Cari ilin may ayında Uber rəsmi olaraq bəyan etdi ki, Ford şirkətinin Fusion modeli Uber-in pilotsuz avtomobillər donanmasına daxil ediləcək. Lakin, bir neçə ay sonra Ford şirkəti öz rəsmi bəyanatında bildirdi ki, pilotsuz avtomobillərin ən yüksək səviyyədə və maksimal təhlükəsizlik göstəricisi ilə satışa çıxması yalnız 2021-ci ildə baş tutacaq. Uber şirkəti isə gözləmək niyyətində olmadığını bildirdi. Aydın məsələdir: Uber rəqiblərdən geri qalmaq istəmirdi. Nəticədə Uber Volvo XC90 modelinə üz tutub onu Pitsburqda uğurla sınaqdan keçirdi. Qeyd edək ki, bununla belə, Ford Fusion modeli əsasında istehsal olunmuş pilotsuz avtomobillərin Uber tərəfindən istifadə olunması istisna edilmir. Lakin qeyd olunur ki, həmin avtomobillərdə ehtiyat üçün sürücü mövcud olacaq.
Uber ilə pilotsuz pivə çatdırılması
Bəli, başımıza bu da gələcəkmiş. Uber tərəfindən satın alınmış Otto yük daşıma şirkəti ilk dəfə olaraq yollara özünü idarə edən yük maşınlarını çıxardı. Oktyabrın 20-də özünü idarə edən yük maşını Kolorado ştatında yerlışən Fort Kollins-dən çıxıb 120 mil qət etdikdən sonra Kolorado Springs şəhərinə çatdı. Bu fakt dünyada ilk dəfə qeydə alınmış özünü idarə edən nəqliyyat vasitəsi ilə karqo çatdırılması kimi tarixə keçdi. Yük maşınında Budweiser pivəsi daşınırdı. Bu hadisə Business Insider tərəfindən logistika tarixində «Otto pivə çatdırılması» adı ilə yeni səhifə kimi qeydə alındı.
Əslində bu, elə də asan olmayıb. Belə ki, hadisədən bir neçə həftə əvvəl Otto şirkəti dörd ədəd özünü idarə edən yük maşınını «saxta» pivə ilə dolduraraq yola saldı. Məqsəd bu tip nəqliyyat vasitələrin yük ilə dolu olarkən yollarda özünü necə göstərəcəyini görmək idi. Sınaqlar 99%-lik müsbət göstərici ilə tamamlandı. Ardından pivə istehsalı ilə məşqul olan Anheuser-Busch adlı şirkətlə yük daşınması haqqında müqavilə bağlandı. Həmin müqaviləyə görə 51.744 Budwiser pivə şüşəsi daşınmalı idi. Pilotsuz nəqliyyat vasitəsi bu yükü təxminən 193 km məsafəni saatda 90 km orta sürətlə qət etdikdən sonra ünvanına çatdıra bildi.
Yük maşınının yola çıxması üçün, eləcə də ünvana çatdıqda yoldan çəkilməsi üçün sürücüdən istifadə olunub. O, idarəni sadəcə qeyd olunmuş hallarda, cəmi iki dəfə nəzarət altına götürüb, qalan vaxt ərzində isə özünü idarə edən Otto yük maşını radar və Lidar-sensorlar, kameralar və bulud saxlancı ilə rabitə quran xüsusi kompüter sistemi sayəsində maneələri müstəqil şəkildə uğurla keçərək öz hərəkətinə davam edib. Busines Insider məlumat verib ki, yük maşınına quraşdırılan texnologiyanın qiyməti təxminən 30 min ABŞ dolları təşkil edir. Otto-nun keçmiş mühəndisi Layr Ron bildirib ki, pilotsuz yük maşınları həftələrlə fasiləsiz yollarda qala biləcək və şirkətlərin sürücülərə ehtiyacı qalmayacaq. Bu isə öz növbəsində ucuz və sürətli çatdırılmanı təmin edəcək.
Qeyd edək ki, Otto şirkəti Google-un keçmiş işçiləri tərəfindən yaradılıb və 2016-cı ildə Uber-ə satılıb. Hal-hazırda Otto Uber üçün nəzarət edilən pilotsuz yük və sərnişin daşıma texnologiyası üzərində çalışır.
Artıq özünü idarə edən avtomobillərin istehsalı yarışına bir çox iri şirkət qoşulub. Bunların arasında Hyundai, Kia, Mercedes-Benz, Jaguar, Land Rover, PSA Peugeot Citroen qrupu, habelə Alibaba və s. nəhənglər yer alır. Bu texnologiya sözsüz ki, gələcəyin carçısıdır, lakin şirkətlərin qazandığı təcrübə, apardığı sınaqlar göstərir ki, bu sistemlər hələ ki, ən üstün səviyyəyə çatmayıb. Bir çox şirkət və mütəxəssislərin sözlərinə inansaq, biz yollarda tamamilə təhlükəsiz hərəkət edə bilən pilotsuz avtomobilləri artıq 2022-ci ildə görə biləcəyik.
İstifadə olunmuş ədəbiyyat: wikipedia.org, ria.ru, ideanomics.ru, securitylab.ru və businessinsider.com