Apple heç bir təqdimat tədbiri keçirmədən yeni nəsil kompakt iPad mini planşetini satışa hazırlayıb. Model OLED ekran, daha güclü prosessor və suya davamlı korpus əldə edib. Bununla belə, çoxlarının gözlədiyi 120 Hz ekran yeniləmə tezliyi yenə də əlavə olunmayıb.
Yeni planşetin korpus ölçüləri əvvəlki modellə eyni qalsa da, qalınlığı 5,4 mm-ə, çəkisi isə 255 qrama endirilib. Cihaz IP67 standartına uyğun suya və toza davamlıdır. OLED ekranın diaqonalı daha nazik çərçivələr sayəsində 8,5 düymə çatıb, maksimal parlaqlıq isə 1200 nit təşkil edir. Əlavə ödənişlə əksolunmanı azaldan nanotexturalı ekran seçmək mümkündür. Lakin 120 Hz yeniləmə tezliyi hələ də iPad Pro modellərinin üstünlüyü olaraq qalır. Planşet Apple Pencil Pro və USB-C bağlantılı Apple Pencil ilə uyğundur.
A20 Pro çipi 2 nanometrlik texnoloji proseslə istehsal olunub və iPhone 18 Pro ilə iPhone Duo modellərində də istifadə edilir. Apple-ın məlumatına görə, əvvəlki nəsillə müqayisədə prosessorun çoxaxınlı performansı 60%-dək, qrafik performansı 2,7 dəfəyədək yüksəlib. Süni intellekt tapşırıqları isə 4,5 dəfəyədək daha sürətli yerinə yetirilir.
Planşet 128, 256 və 512 GB yaddaş seçimləri ilə təqdim olunur. 1 TB-lıq versiya nəzərdə tutulmayıb. Ön kamera 12 MP təsvir ölçüsünə malikdir və videzənglər zamanı Center Stage funksiyasını dəstəkləyir. Kamera korpusun uzun kənarına yerləşdirilib. Arxa tərəfdəki 12 MP kamera isə saniyədə 60 kadr sürətlə 4K video çəkə bilir.
Digər yeniliklər arasında səsin ekran vasitəsilə ötürüldüyü Acoustic Display dinamikləri, Wi-Fi 7, Bluetooth 6 və Thread dəstəyi var. Mobil şəbəkə versiyaları yeni C2 modemlə təchiz olunub. Batareyanı 30 dəqiqəyə 50%-dək doldurmaq mümkündür.
Yeni iPad mini üçün ön sifarişlər 28 oktyabrda başlayacaq, satışlar isə 6 noyabrda start götürəcək. Planşet qara və qızılı rənglərdə təqdim olunur.
Qiymətlər:
- Wi-Fi, 128 GB: 699 dollardan
- Wi-Fi + mobil şəbəkə: 849 dollardan












