AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Görülən tədbirlər çərçivəsində bu günədək 86 813 IMEI kodunun kopyalandığı aşkar edilib və həmin IMEI kodların hər biri AzInTelecom-a məxsus Mobil Cihazların Qeydiyyatı Sistemi (MCQS) tərəfindən bloklanıb. Eyni zamanda bloklanmış IMEI kodlarla Azərbaycan mobil rabitə məkanında şəbəkəyə qoşulma cəhdlərinin qarşısı alınıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.
AzInTelecom MMC vətəndaşlara mobil telefon almadan öncə cihazın qutusu üzərində qeyd edilən IMEI kodu mygov portalında yoxlamağı və yalnız etibarlı satış məntəqələrinə üstünlük verməyi tövsiyə edir.









