Apple şirkəti oktyabrın 28-də Los-Ancelesdə keçiriləcək “Pro and Tell” adlı tədbirini elan edib. Şirkətin marketinq üzrə baş vitse-prezidenti Qreq Josvyak X sosial şəbəkəsində Apple loqosunun yer aldığı qısa video paylaşaraq “Gələn həftə yenilikləri təqdim etmək üçün səbirsizlənirəm” mesajını yazıb.
Can’t wait to pro and tell next week. https://t.co/3wUkxwq35i
— Greg Joswiak (@gregjoz) October 19, 2026
Mətbuat üçün nəzərdə tutulan tədbir Bakı vaxtı ilə isə saat 21:00-da başlayacaq. Apple hələlik tədbirin canlı yayımlanacağını açıqlamayıb. Buna görə də yeni məhsulların rəsmi press-relizlər və ayrıca videolar vasitəsilə təqdim olunması ehtimal edilir.
Təqdimatda əsas diqqətin yenilənmiş MacBook Pro modellərinə yönələcəyi gözlənilir. Şayiələrə görə, Apple 14 və 16 düymlük premium MacBook Pro modellərini OLED sensor ekran, Dynamic Island interfeysi, M5 Pro və M5 Max çipləri, eləcə də daha yığcam korpusla təchiz edə bilər.
Bundan əlavə, M6 prosessorlu yeni 14 düymlük MacBook Pro və M6 çipi əsasında yenilənmiş iMac modelinin təqdimatı da gözlənilir. Digər ehtimal olunan yenilik isə OLED ekran və A20 Pro çipi ilə təchiz ediləcək yeni iPad mini planşetidir. Bununla belə, Apple bu məhsulların heç birini hələlik rəsmi şəkildə təsdiqləməyib.
Tədbirin adı və təqdimat tarixi yeni Mac modellərinin nümayişinə işarə etsə də, bütün yeniliklər barədə dəqiq məlumatı yalnız Apple-ın rəsmi açıqlamasından sonra əldə etmək mümkün olacaq.









