Huawei özünün yeni HarmonyOS 7 əməliyyat sistemini rəsmi olaraq təqdim edib. Yeniləmə ilə interfeysə bir sıra vizual dəyişikliklər, süni intellektlə bağlı yeni funksiyalar və daha geniş cihazlararası imkanlar əlavə olunub. Lakin şirkətin əsas diqqəti əməliyyat sisteminin dərin optimallaşdırılmasına yönəldib.
Huawei-nin sözlərinə görə, fon proseslərinin optimallaşdırılması nəticəsində cihazların ümumi məhsuldarlığı 15%-ə qədər, batareyanın işləmə müddəti isə 36 dəqiqəyədək artıb. Yüksək məhsuldarlıq rejimində performans artımı HarmonyOS 6 ilə müqayisədə 25%-ə çata bilər. Yenilənmiş yaddaş idarəetmə sistemi isə fon tətbiqləri üçün 3 GB-a qədər operativ yaddaş boşalda bilir.
Şirkət həmçinin bildirir ki, HarmonyOS 6-dan HarmonyOS 7-yə keçid zamanı cihazın daxili yaddaşında əlavə yer də əldə etmək mümkündür. 256 GB yaddaşlı modellərdə 22 GB-a, 512 GB-lıq versiyalarda 51 GB-a, 1 TB yaddaşlı cihazlarda isə 109 GB-a qədər əlavə boş yer yarana bilər.
Sistemin optimallaşdırılmasına yenilənmiş Ark Engine mühərriki cavabdehdir. O, istifadəçinin davranışlarını analiz edir: hansı tətbiqlərin daha çox açıldığını, günün hansı saatlarında istifadə edildiyini və konkret tapşırıq üçün nə qədər vacib olduğunu nəzərə alır.
Nəzəri olaraq bu yanaşma tez-tez istifadə olunan tətbiqlərin daha sürətli açılmasına və istifadəçi proqramlar arasında keçid edərkən vacib tətbiqlərin yaddaşdan silinməməsinə imkan verməlidir.
Huawei oyun performansında da irəliləyiş vəd edir. Şirkətin məlumatına görə, bəzi oyunlarda görüntünün aydınlığı 1,5 dəfə artırılıb, kadr tezliyi isə HarmonyOS 6 ilə müqayisədə daha yüksək və stabil olur.
HarmonyOS 7-nin interfeysi də yenilənib. Sistemə fotoşəkildəki obyektlərdən istifadə edən “məkan effektli” divar kağızları və saatlar əlavə olunub. Bildirişlər və qovluqlar isə “maye şüşə” effektinə sahib olub.
Əməliyyat sistemi müxtəlif Huawei cihazları arasında əlaqəni də genişləndirir. İstifadəçilər faylları daha sürətli paylaşa, həmçinin bir neçə cihazda eyni məzmunla birlikdə işləyə bilərlər.
Şirkətin süni intellekt əsaslı köməkçisi isə artıq cihazın kontekstini daha yaxşı nəzərə alır. O, bir neçə əməliyyatı vahid ssenaridə birləşdirə, brauzerlə, qeydlərlə, mesajlarla və hətta oyunlarla bağlı tapşırıqlarda kömək edə bilir.
Huawei bildirir ki, sistem istifadəçinin sorğusunu daha dəqiq anlamaq üçün 200-dən çox məlumat növünü nəzərə alır. Bunlara vaxt, məkan və cihazın cari vəziyyəti kimi məlumatlar daxildir.
HarmonyOS 7 artıq Çində uyğun cihazlarda beta test üçün əlçatandır. Sisteminin qlobal versiyasının mümkün buraxılışı barədə daha əvvəl məlumatlar yayılsa da, Huawei hələlik beynəlxalq təqdimatın dəqiq tarixini açıqlamayıb.












