Samsung Electronics Galaxy AI ekosisteminin imkanlarını genişləndirdiyini elan edib. Bu dəfə yenilik yalnız şirkətin daxili texnologiyaları ilə məhdudlaşmır — Galaxy smartfonlarının sistem səviyyəsinə üçüncü tərəf süni intellekt agenti inteqrasiya olunacaq.
Samsung-un yeni tərəfdaşı Perplexity şirkəti olacaq. Eyni adlı AI texnologiyasının cihaz proqram təminatına əlavə olunması istifadəçilərin tətbiqlər arasında tez-tez keçid etməsinə ehtiyacı azaldacaq və Galaxy AI funksiyalarının fon rejimində daha aktiv işləməsinə imkan verəcək.
Perplexity alqoritmləri yalnız Bixby səs köməkçisinin bir hissəsi olmayacaq — onlar həmçinin “Qeydlər”, “Saat”, “Qalereya”, “Təqvim” və “Xatırlatmalar” kimi standart tətbiqlərə də inteqrasiya ediləcək. Yeni AI agentini “Hey Plex” səs əmri ilə və ya smartfonun fiziki düyməsi vasitəsilə işə salmaq mümkün olacaq.
Genişləndirilmiş Galaxy AI imkanlarının One UI 8.5 interfeysi ilə birlikdə təqdim ediləcək Galaxy S26 flaqman seriyasında debüt edəcəyi gözlənilir.





