Apple üçün narahatedici siqnallar getdikcə artır. Şirkət uzunmüddətli müqavilələr üzrə DRAM yaddaş tədarükünü təmin edə bilməyib və artıq komponentlərin qiyməti kəskin şəkildə bahalaşıb.
Məlumata görə, Apple-ın əsas tərəfdaşları olan Samsung Electronics və SK Hynix iPhone-lar üçün istifadə olunan LPDDR yaddaş çiplərinin qiymətini əhəmiyyətli dərəcədə artırıblar. ZDNet resursu bildirir ki, 27 yanvar tarixində aparılan danışıqlar zamanı hər iki şirkət Apple üçün yeni, daha yüksək qiymətləri təsdiqləyib.
Qiymət artımı xüsusilə diqqətçəkəndir:
-
Samsung — 80%-dən çox
-
SK Hynix — təxminən 100%
Bununla yanaşı, Apple bu dəfə yalnız təxminən 6 aylıq müqavilələr əldə edə bilib. Bu isə o deməkdir ki, iPhone 18 seriyasının təqdimatına qədər yaddaş qiymətləri şirkət üçün yenidən arta bilər.
Qeyd edək ki, Apple adətən yaddaş tədarükü üzrə illik uzunmüddətli müqavilələr bağlayır. Lakin qlobal yaddaş çatışmazlığı fonunda şirkət qiymətlər barədə razılaşmanı yalnız ilin birinci yarısı üçün əldə edə bilib. İlin ikinci yarısında yeni məhsulların buraxılması isə qiymətləri daha da yüksəldə bilər.
Bu artımın iPhone-ların son satış qiymətinə təsir edib-etməyəcəyi hələlik sual altındadır. Digər istehsalçılardan fərqli olaraq, Apple qiymətləri “sakitcə” qaldıra bilmir — şirkət bunu adətən nadir hallarda və açıq şəkildə edir.




