Abu-Dabidəki yarış trasında gözlənilməz duel baş tutub: Xiaomi SU7 Ultra elektrik sedani, qum fırtınasından sonra sürüşkən hala düşmüş yolda Ferrari SF90 XX ilə üz-üzə gəlib.
Carwow tərəfindən təşkil olunan testin məqsədi sadə, amma maraqlı idi: elektrik avtomobilinin gücü ideal olmayan yol şəraitində İtaliya hibrid mühəndisliyi ilə necə rəqabət aparar?
Xiaomi SU7 Ultra üç elektromotorla təchiz olunub. Onların ümumi gücü 1526 at qüvvəsi (1122 kVt), fırlanma anı isə 1770 Nm təşkil edir və güc bütün dörd təkərə ötürülür. Avtomobilin çəkisi təxminən 2360 kq olsa da, Xiaomi 0–100 km/saat sürətlənməni cəmi 1,98 saniyə olaraq göstərir — bu da onu hiperkarlarla eyni səviyyəyə çıxarır.
Ferrari SF90 XX isə fərqli fəlsəfə ilə hazırlanıb. 4,0 litrlik iki turbolu V8 mühərrik təkbaşına 786 at qüvvəsi (578 kVt) istehsal edir. Üç elektromotorla birlikdə ümumi güc 1016 at qüvvəsinə (747 kVt), fırlanma anı isə 800 Nm-ə çatır. Çəkisi cəmi 1660 kq olan Ferrari 0–100 km/saat sürətlənməni 2,3 saniyəyə həyata keçirir.
Yarış qum fırtınasından bir neçə gün sonra baş tutub. Yol üzərində qalan xırda qum avtomobillər üçün yolu sürüşkən və qeyri-sabit edib.
Startdan əvvəl Xiaomi bir qədər vaxt itirib: launch control sistemi menyuda gizlədilib və aktivləşdirilməsi təxminən bir dəqiqə çəkir. Lakin start verildikdən sonra fərq dərhal hiss olunub — SU7 Ultra irəli atılıb.
402 metrlik (¼ mil) məsafəni Xiaomi 9,3 saniyəyə, Ferrari isə 10,2 saniyəyə qət edib. 0,9 saniyəlik fərq finişdə bir neçə avtomobil korpusu qədər üstünlük demək idi.
804 metrlik (½ mil) məsafədə də üstünlük Xiaomi-də qalıb: 14,5 saniyə Ferrari-nin 15,7 saniyəsinə qarşı. İtalyan superkar təkərlərin sürüşməsi ilə daha çox mübarizə apararkən, SU7 Ultra fırlanma anını təkərlər arasında daha stabil paylaya bilib.
Testin balansı üçün sonda 161 km/saatdan (100 mil/saat) əyləcləmə də yoxlanılıb. Burada Ferrari-nin təcrübəsi öz sözünü deyib — SF90 XX təxminən bir korpus qədər daha tez dayanıb. Bununla belə, hər iki avtomobil son dərəcə yüksək əyləc performansı nümayiş etdirib.
Bu duel bir daha göstərdi ki, elektrik avtomobilləri artıq yalnız alternativ deyil — bəzi hallarda əfsanələri belə geridə qoya bilirlər.





