Mastercard və Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında əməkdaşlıq çərçivəsində fintex startaplarına iqlim dəyişikliyi ilə bağlı həllər yaratmaq üçün çağırış edən “Sustainability Sandbox Hackathon” virtual müsabiqəsinə start verilir. Tədbir 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) ilə eyni vaxta təsadüf edir və karbon emissiyalarının izlənməsi və ESG həllərinə köklənir.
Noyabrın 14-dən 18-dək davam edəcək hakaton fintex innovatorlarına öz həllərini maliyyə və dövlət sektorunu təmsil edən liderlərə təqdim etmək şansı yaradacaq. Qalib gələn layihələr “Mastercard’s Sandbox as a Service” platforması üzərindən geniş auditoriyanın qarşısına çıxa biləcəklər.
“Bu hakaton startaplara təsirli iqlim həlləri yaratmağa imkan verir, həmçinin Mastercard-ın hər kəsin öz potensialını aça biləcəyi inklüziv, dayanıqlı rəqəmsal iqtisadiyyat qurmaq öhdəliyini gücləndirir”, — Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdal bildirir.
Hakatona qoşulmaq istəyən fintex startapları 6 noyabr tarixinədək bu link üzərindən qısa təkliflərini təqdim edə bilərlər. Daha ətraflı məlumat üçün: [email protected].