Technote-un verdiyi məlumata görə, məşhur YouTube videoservisi qısa videolar üçün olan Shorts bölməsində reklam elanlarının testinə start verib. Qeyd etmək lazımdır ki, Youtube daxilində Shorts bölməsi 2020-ci ildə istifadəyə verilmişdi və bu bölmə uğurlu şəkildə TikTok və Instagram ilə rəqabət aparır. Youtube təmsilçilərinin sözlərinə əsasən videoservis Shorts-dakı videoların monetizasiya üsullarını test edir. Belə ki, son zamanlarda Youtube-un istifadəçi kütləsində artım müşahidə edilir və ümumilikdə istifadəçilər tərəfindən videoservisdə keçirilən zaman göstəricisi də artıb. Google məlumatlarına əsasən hal hazırda Youtube Shorts-un payına gündəlik 30 milyard baxış düşür. Bu göstərici isə keçən ilkindən 4 dəfə yüksəkdir.
Videoservisin reklamlardan əldə etdiyi gəlir bu ilin birinci rübündə 6.86 milyard dollara yüksəlib. Bununla belə ekspertlər daha çox yüksəliş gözləyirdilər. Qeyd etmək lazımdır ki, vaxtı ikən Youtube qısa videoların yaradıcıları üçün 100 milyon dollar büdəyə sahib xüsusi fond yaratmışdı. Bu üsul ilə Youtube TikTok kimi servislərin kontent yaradıcılarını və izləyicilərini özünə tərəf çəkməyə çalışır. Keçən ilin avqust ayında isə videoservis elan etmişdi ki, o, məşhur videoların yaradıcılarına ayda 10.000$ vəsait ödəyəcək. Həmin vaxtda bu cür tədbirlər kontent yaradıcıları üçün monetizasiyanın alternativ variantı kimi düşünülürdü. Videoservis özü və kontent yaradıcıları üçün digər monetizasiya üsullarını tapmayınca bu cür tədbirlərin davam edəcəyi planlaşdırılırdı. Youtube Shorts-da kontent yaradıcıları üçün monetizasiya planları fevral ayında da müzakirə edilirdi.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az