Google Maps artıq sadəcə marşrut göstərməklə kifayətlənməyəcək. Xəritə xidməti süni intellekt vasitəsilə istifadəçilər üçün ətraflı səyahət planları hazırlaya, yolboyu dayanacaqları seçə, real vaxt məlumatlarını təqdim edə və hətta yerli bizneslərdə görüş vaxtı tapa biləcək.
Google Maps tətbiqinə yeni süni intellekt imkanlarının əlavə olunduğunu açıqlayıb. Yeniliklər istifadəçilərə həm səyahətləri, həm də gündəlik işlərini daha rahat planlaşdırmağa kömək edəcək.
Bunun üçün Google Maps-dəki Ask Maps funksiyasından istifadə etmək mümkün olacaq. Süni intellekt istifadəçinin istəyinə uyğun olaraq addım-addım səyahət marşrutu hazırlayacaq və istiqamətlərə baxılan zaman yol haqqında real vaxt məlumatları təqdim edəcək. Məsələn, istifadəçi alış-veriş üçün bir günlük səfər və ya sahil gəzintiləri və okean mənzərəli restoranları əhatə edən üçgünlük avtomobil səyahəti planlaşdıra bilər. Ask Maps hər gün üçün ayrıca proqram, faydalı məsləhətlər və xəritədə nömrələnmiş dayanacaq nöqtələri hazırlayacaq. Hazırlanan planı dostlar və ailə üzvləri ilə paylaşmaq, həmçinin kompüter vasitəsilə Google Docs-a ixrac etmək mümkün olacaq.
Səyahətə başladıqdan sonra istifadəçilər əvvəlki planlarını Ask Maps vasitəsilə yenidən aça və ya çat tarixçəsindəki xüsusi “itinerary” nişanından tapa biləcəklər. Bu zaman yol tıxacları, obyektlərin iş saatları və növbəti dayanacağın ümumi ab-havası haqqında real vaxt məlumatları da əlçatan olacaq.
Marşrutu dəyişmək də mümkün olacaq. Məsələn, istifadəçi yola mənzərəli bir müşahidə nöqtəsi və ya nahar üçün dayanacaq əlavə etməyi xəritədən xahiş edə bilər. Daha sonra plandakı istənilən məntəqəni seçərək həmin yerə istiqamət ala bilər. Yeni imkanlar təkcə səyahətlə məhdudlaşmır. Ask Maps gözəllik salonları, ev heyvanlarına qulluq xidmətləri, avtomobil servisləri və ev təmiri ilə məşğul olan müəssisələrdə boş görüş vaxtlarını da tapa biləcək.
Yeni funksiyalar Android və iOS istifadəçiləri üçün mərhələli şəkildə istifadəyə verilməyə başlayıb. Google, həmçinin Ask Maps xidmətinin Avropada İspaniya, Almaniya və Böyük Britaniya da daxil olmaqla 30 ölkəyə genişləndirildiyini açıqlayıb.












