Apple TV eşitmə məhdudiyyətli istifadəçilər üçün yeni əlçatanlıq funksiyasını təqdim edib. Şirkət platformaya jest dilinə tərcümə imkanını əlavə edir. Bunun sayəsində eşitmə məhdudiyyətli tamaşaçılar filmləri ayrıca versiyaya ehtiyac olmadan, ekranda tərcüməçinin köməyi ilə izləyə biləcəklər.
Yeni funksiya ilkin mərhələdə məhdud sayda filmdə əlçatan olacaq. İlk belə ekran əsəri bu cümə günü yayımlanacaq, əlillik hüquqları müdafiəçisi Cudi Hymanın həyatından bəhs edən Being Heumann filmi olacaq. Bundan əlavə, Apple-ın məşhur F1 filminə Amerika (ASL) və Britaniya (BSL) jest dillərində tərcümə də əlavə ediləcək. İlin sonuna qədər isə bu siyahıya Way of the Warrior Kid və Greyhound filmləri də qoşulacaq.
Apple-ın yanaşmasını digər platformalardan fərqləndirən əsas məqam jest dili tərcüməsinin ayrıca film versiyası kimi təqdim edilməməsidir. Bu funksiya birbaşa əsas filmin daxilində yerləşdirilib və istifadəçi onu subtitrlər kimi istədiyi zaman aktivləşdirə və ya söndürə bilər.
Jest dili dəstəyi olan film izlənilərkən ekranın sağ aşağı küncündə tərcüməçi görünür və dialoqları jest dili ilə çatdırır. Apple hər film üçün uyğun tərcüməçi seçmək və onun təqdimatının ekran əsərinin ab-havasına uyğun olmasını təmin etmək məqsədilə DASL (Jest Dilinin Bədii Rejissorları) mütəxəssisləri ilə əməkdaşlıq edir.
Diqqətçəkən məqam isə şirkətin süni intellekt vasitəsilə yaradılmış virtual tərcüməçilərdən istifadə etməməsidir. Apple bildirir ki, bu yanaşma eşitmə məhdudiyyətli icmanın ehtiyaclarına uyğun hesab edilmir.
Yeni funksiya iOS 27.2-nin son versiyasında təqdim olunur və Settings bölməsindəki yeni jest dili seçimi vasitəsilə aktivləşdirilir. Funksiya işə salındıqdan sonra dəstəklənən Apple Original filmlərinin səhifəsində jest dili tərcüməsinin mövcudluğunu göstərən əlavə düymə görünür. Bundan başqa, filmin hansı jest dillərində tərcümə olunduğunu görmək üçün ayrıca dil bölməsi də yaradılıb.
Apple uyğun filmlərin daha asan tapılması üçün “Movies & Shows with American Sign Language” adlı xüsusi seçim kolleksiyası da hazırlayıb. İstifadəçilər axtarış zamanı “with ASL” kimi açar sözlər yazaraq jest dili dəstəyi olan ekran əsərlərini də tapa biləcəklər.











