Samsung ilk süni intellektli eynəklərinin kommersiya təqdimatına hazırlaşır. Şirkətin nümayəndəsi The Korea Herald nəşrinə açıqlamasında bildirib ki, yeni cihazın satışa çıxarılması noyabr ayında baş tutacaq.
Samsung-un Intelligent Eyewear adlandırdığı eynəklər ekranla təchiz edilməyib. Cihazın üzərindəki kamera və mikrofonlar istifadəçinin gördüyü və eşitdiyi məlumatları qeydə alır. Daha sonra Google Gemini bu məlumatları istifadəçinin qoşulmuş Galaxy smartfonu vasitəsilə emal edir və cavabı eynəyin dinamikləri üzərindən səsləndirir.
Samsung yeni məhsulun əsas üstünlüklərindən biri kimi onun yüngül çəkisini ön plana çıxarır. Şirkət bu xüsusiyyəti hələ iyul ayında keçirilən Galaxy Unpacked tədbirində vurğulamışdı. Məlumatlara görə, yeni model bazardakı ən yüngül süni intellektli eynəklərdən biri ola bilər.
Bununla yanaşı, Samsung yeni cihazla bağlı məxfilik və gizli çəkiliş məsələlərinə də xüsusi diqqət yetirib. Yerli tənzimləyici qurumların ictimai yerlərdə insanların xəbərsiz şəkildə çəkilməsi və imtahanlarda köçürmə kimi hallarla bağlı narahatlıqlarından sonra şirkət eynəyin çərçivəsinə xüsusi LED indikatorları yerləşdirib.
Bu indikatorlar həm eynəyin daxili, həm də xarici hissəsində yerləşir. Xarici LED indikatorunun üzəri örtülərsə və istifadəçi kameranı gizli şəkildə işlətməyə cəhd edərsə, cihaz bunu aşkar edərək kameranı avtomatik bloklayır və çəkilişi dayandırır.
Samsung-un ilk süni intellektli eynəkləri haqqında digər texniki detalları və qiyməti hələlik açıqlanmayıb.










