HP nazik və yüngül OmniBook 5 noutbukunu təqdim edib. Alüminium korpusda hazırlanan yeni model kompakt ölçülərlə yanaşı, yüksək məhsuldarlıq və uzun batareya ömrü ilə seçilir.
HP OmniBook 5 noutbuku 14 düymlük sensor OLED ekranla təchiz olunub. Ekranın təsvir ölçüsü 2.5K — 2560×1600 piksel təşkil edir. HDR rejimində maksimal parlaqlıq 620 nit, DCI-P3 rəng məkanının əhatə dairəsi isə 100%-dir. Ekran Corning Gorilla Glass 3 şüşəsi ilə qorunur və gözlər üçün Low Blue Light funksiyasını dəstəkləyir. Noutbukun ekranını 180 dərəcəyə qədər açmaq mümkündür ki, bu da cihazı müxtəlif iş şəraitlərinə uyğunlaşdırmağa imkan verir.
Noutbuk Intel Core 7 350-yə qədər prosessorlarla, LPDDR5-6400 standartında 16 GB-a qədər operativ yaddaş və PCIe 4.0 interfeysli NVMe M.2 formatında 1 TB-a qədər SSD ilə təchiz edilə bilər. Baza versiyasında isə 6 nüvəli Intel Core 5 320 prosessoru, 8 GB operativ yaddaş və 256 GB daxili yaddaş təqdim olunur.
OmniBook 5-in əsas üstünlüklərindən biri batareyanın uzun müddət işləməsidir. 60 Vt·s tutumlu batareya istehsalçının məlumatına görə, oflayn videoya baxış zamanı 42 saata qədər işləyə bilir. Batareyanı cəmi 30 dəqiqəyə 50%-ə qədər doldurmaq mümkündür. Komplektə 65 Vt gücündə GaN adapter də daxildir.
Qoşulma imkanları arasında məlumat ötürmə sürəti 10 Gbit/s-ə qədər olan iki USB-C portu, HDMI 2.1 və 3,5 mm qulaqlıq girişi var. Noutbukda IR sensorlu veb-kamera, iki mikrofon və arxa işıqlandırmalı klaviatura da mövcuddur.
HP OmniBook 5-in ölçüləri 312,4 × 218,9 × 11,7 mm, çəkisi isə təxminən 1,16 kq təşkil edir. Noutbukun oktyabrın sonuna qədər satışa çıxarılması planlaşdırılır. Qiyməti 699,99 dollardan başlayacaq.












