Apple oktyabrın 13-də keçiriləcək «Welcome Home» tədbirində ağıllı ev ekosistemini genişləndirəcək üç yeni məhsulunu nümayiş etdirə bilər. Bloomberg jurnalisti Mark Qurmanın məlumatına görə, şirkət ekranlı ev mərkəzi HomeView, ikinci nəsil HomePod mini və yenilənmiş Apple TV 4K üzərində işləyir.
Tədbirin əsas yeniliyi A18 prosessoru ilə təchiz ediləcəyi deyilən HomeView cihazı olacaq. O, ekranı və dinamik sistemi vahid qurğuda birləşdirərək istifadəçilərə ağıllı ev cihazlarını idarə etmək, Siri ilə ünsiyyət qurmaq və Apple tətbiqlərindən istifadə etmək imkanı verəcək. Dizaynı ilə cihaz köhnə iMac G4 modelini xatırladır: ekran dinamik rolunu oynayan əsas hissənin üzərində yerləşir. Apple-ın həm masaüstü, həm də divara quraşdırılan versiyalar hazırladığı bildirilir. Masaüstü model boz, gümüşü, çəhrayı və “ulduz işığı” rənglərində, divar versiyası isə boz və gümüşü rənglərdə təqdim oluna bilər.
HomeView sensor ekran və səsli əmrlərlə idarə ediləcək. Bununla belə, cihazda üçüncü tərəf tətbiqləri üçün ayrıca App Store olmayacağı bildirilir. Yaxınlıqdakı iPhone-larda olan bəzi tətbiqlərin vidcetlərini ekranda göstərmək mümkün ola bilər. Qurmanın məlumatına görə, HomeView tədbirdən dərhal sonra satışa çıxmayacaq. Cihazın mağazalara noyabrın ortalarında gələcəyi gözlənilir.
Apple-ın təqdim edəcəyi ikinci məhsul HomePod mini dinamikinin yeni nəsli olacaq. Əsas yeniliklərdən biri S5 əvəzinə S10 çipinin istifadəsidir. Bu dəyişiklik yeni Siri imkanlarına dəstək verməlidir.
HomePod mini 2-nin HomeView ilə birlikdə işləməsi, səsli idarəetməni musiqi səsləndirilməsi ilə əlaqələndirməsi də gözlənilir. Bundan başqa, dinamik Wi-Fi 7, Thread və Matter standartlarını dəstəkləyən N1 şəbəkə çipi ilə təchiz oluna bilər. Yeni modelin qara, ağ, çəhrayı, yaşıl və mavi rənglərdə satışa çıxarılacağı bildirilir. Qiymət hələ açıqlanmayıb.
Üçüncü yenilik yenilənmiş Apple TV 4K olacaq. Qurğuya daxili mikrofonların əlavə ediləcəyi gözlənilir. Bu, istifadəçilərə pult və ya HomePod dinamikindən istifadə etmədən Siri-yə birbaşa müraciət etməyə imkan verə bilər. Apple həmçinin daxili dinamiklə təchiz edilmiş yeni Siri Remote pultunu sınaqdan keçirir. Bu funksiya itirilmiş pultun yerini səs vasitəsilə tapmağa kömək edə bilər.
Məlumata görə, yeni HomePod mini və Apple TV 4K oktyabrın 30-da satışa çıxarıla bilər. HomeView isə təxminən noyabrın ortalarında mağazalara gələcək.












