Vivo yeni nəsil ağıllı saatı — Watch 6 modelini təqdim edib. Klassik dizayna malik olan saat paslanmayan polad və titan korpus variantlarında təklif olunur. Gümüşü və qara versiyalar 316L paslanmayan poladdan, boz model isə boyasız TC4 titan ərintisindən hazırlanıb.
Vivo Watch 6 saatı 466 × 466 piksel təsvir ölçüsünə və 60 Hz yenilənmə tezliyinə malik 1,47 düymlük dairəvi AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlığı 3500 nit təşkil edir, çərçivələrin qalınlığı isə cəmi 1,49 mm-dir. Bütün versiyalarda ekran sintetik sapfir şüşə ilə qorunur. Saat 45 mm ölçülü korpusa sahibdir və qalınlığı 9,5 mm-dir. Çəkisi seçilən materialdan asılı olaraq 37,6–44,38 qram arasında dəyişir.
Vivo Watch 6 sağlamlıq göstəricilərinin izlənməsi üçün yüksək dəqiqlikli sensor sistemi əldə edib. Şirkətin məlumatına görə, müxtəlif ssenarilərdə nəbzin ölçülməsinin orta dəqiqliyi peşəkar sinə ürək ritmi sensorları ilə müqayisədə 97,2%-ə çatır. Bundan əlavə, saat cəmi 60 saniyə ərzində orqanizmin ümumi vəziyyətini yoxlamağa imkan verən funksiyanı dəstəkləyir. Ənənəvi sağlamlıq və tibbi monitorinq imkanları da mövcuddur.
Vivo Watch 6-da 100-dən çox idman rejimi təqdim edilir. Qaçış zamanı saat temp və məsafəni izləməklə yanaşı, məşq başa çatdıqdan sonra nəticələri analiz etməyə kömək edir. Xəritələri cihazın yaddaşında saxlamaq və internet bağlantısı olmadan marşrut qurmaq da mümkündür. Bu xüsusiyyət xüsusilə yürüşlər və mobil rabitənin zəif olduğu ərazilərdə faydalı ola bilər.
Velosiped rejimində ümumi eniş və yoxuşların hesablanması, tennis, badminton və stolüstü tennis zamanı isə zərbələrin analitikası dəstəklənir. Bundan əlavə, saatda hazır güc məşqləri və yağ yandırmağa yönəlmiş proqramlar mövcuddur.
Saat NFC, dinamik və mikrofonla təchiz olunub. 5 ATM və IP68 qorunması sayəsində cihazı yağış zamanı və hovuzda istifadə etmək mümkündür. Vivo Watch 6 BlueOS 4.0 əməliyyat sistemi ilə işləyir və versiyadan asılı olaraq yalnız Bluetooth və ya Bluetooth + eSIM bağlantısını dəstəkləyir.
Naviqasiya üçün iki diapazonlu GPS də daxil olmaqla beş peyk sistemi nəzərdə tutulub. 505 mAh batareya isə aşağı intensivlikli istifadə zamanı 21 günə qədər işləmə imkanı verir. Always-on Display aktiv olduqda bu göstərici 6 günə, eSIM-dən müntəzəm istifadə zamanı isə 7 günə qədər azalır.
Vivo Watch 6 həm Android, həm də iOS smartfonları ilə uyğun gəlir.
Çində Vivo Watch 6-nın qiyməti əsas versiya üçün 149 dollardan, eSIM dəstəkləyən model üçün isə 209 dollardanbaşlayır.











