Bu gün, 1 sentyabr John Ternus rəsmi olaraq Apple-ın baş direktoru vəzifəsini tutub. Şirkətə 15 il rəhbərlik edən Tim Kuk CEO postunu tərk edib və bundan sonra Apple-da direktorlar şurasının icraçı sədri kimi fəaliyyət göstərəcək.
Tim Kuk 2011-ci ilin avqustunda, Stiv Cobsun yerinə Apple-ın rəhbəri olmuşdu. Onun rəhbərliyi dövründə şirkətin cihaz və xidmət ekosistemi əhəmiyyətli dərəcədə genişləndi. Apple Watch, AirPods, HomePod və Vision Pro kimi məhsullar, həmçinin Apple Music və Apple TV kimi xidmətlər məhz bu dövrdə şirkətin portfelinə əlavə edildi.
Kukun rəhbərliyinin başa çatdığı dövrdə Apple maliyyə baxımından da güclü nəticələr nümayiş etdirir. Şirkət son illərdə bir neçə dəfə rüblük gəlir rekordlarını yeniləyib.
Kuk əməkdaşlara müraciətində CEO vəzifəsindən ayrılmaq qərarının onun üçün asan olmadığını etiraf edib. O, Apple-a rəhbərlik etməyi “həyatının ən böyük imtiyazı” adlandırıb, şirkətin əməkdaşlarına təşəkkür edib və Apple-dan tamamilə ayrılmadığını vurğulayıb. Yeni vəzifəsində də şirkətin bəzi strateji istiqamətlərində iştirak etməyə davam edəcək.
Apple-ın yeni CEO-su John Ternus isə şirkətdə artıq 25 ildən çoxdur çalışır və son dövrlərdə aparat məhsullarının hazırlanmasına rəhbərlik edib. Tim Kukun sözlərinə görə, yeni məhsulların yaradılması sahəsindəki təcrübəsi Ternusu Apple-ın inkişafının növbəti mərhələsi üçün ən uyğun namizədə çevirib.
Ternus 1997-ci ildən bəri Apple-a rəhbərlik edən üçüncü CEO olub. Bu dövrdə şirkətin rəhbərliyində yalnız Stiv Cobs və Tim Kuk yer alıb.
Yeni CEO-nun rəhbərliyi altında Apple-ın ilk böyük tədbiri isə çox gözləməli olmayacaq. Ternusun vəzifəyə başlamasından cəmi səkkiz gün sonra — 9 sentyabrda şirkətin böyük təqdimatı keçiriləcək. Tədbirdə iPhone 18 Pro seriyasının və Apple-ın ilk qatlanan smartfonunun təqdim olunacağı gözlənilir. İlkin məlumatlara görə, qatlanan model iPhone Ultra adlandırıla bilər.











