Honor daha yığcam ölçülərə malik yeni Magic9 smartfonunu təqdim edib. Model şirkətin yeni flaqmanı Magic9 Pro Max üçün daha kompakt alternativ kimi hazırlanıb. Burada da əsas diqqət kamera və video çəkiliş imkanlarına yönəldilib, lakin bəzi texniki xüsusiyyətlər Pro Max versiyasından bir qədər sadədir.
Magic9-un əsas kamerasında 1/1,4 düymlük 200 MP sensor və f/1.9 diafraqmalı obyektiv istifadə olunur. İkinci 200 MP sensor isə 1/1,56 düymlük formatdadır və 3,5 dəfə optik yaxınlaşdırma imkanına malik periskop telekamerada yerləşir. Üçüncü kamera 50 MP ultra genişbucaqlı moduldur.
Honor smartfon üçün əlavə olaraq 200 və 500 mm fokus məsafəsinə uyğun xarici telekonvertorlardan ibarət dəst də hazırlayıb. Bu aksessuarlar uzaq məsafədə çəkiliş imkanlarını daha da genişləndirir.
Magic9 modelində də Honor peşəkar kino avadanlığı istehsalçısı Arri ilə əməkdaşlıq edib. Smartfon Arri Look rəng profillərini və sonrakı emal üçün geniş imkanlar təqdim edən xüsusi video çəkiliş rejimlərini dəstəkləyir. Magic9 Pro Max-da olduğu kimi, burada da Honor H1 adlı ayrıca çip RAW videonun emalına cavabdehdir.
Ön paneldə 55 MP kamera yerləşdirilib. O da kvadrat formalı 1:1 sensorla təchiz olunub. Bu quruluş daha geniş görüntü sahəsi əldə etməyə imkan verir və smartfonu çevirmədən həm üfüqi, həm də şaquli formatda çəkiliş aparmağa şərait yaradır.
Honor Magic9 6,39 düymlük düz LTPS AMOLED ekran əldə edib. Panelin təsvir ölçüsü 1,5K, yenilənmə tezliyi 120 Hz, maksimal parlaqlığı isə 10 000 nit təşkil edir. Ekran gündəlik cızıqlara və zərbələrə qarşı daha davamlı olması nəzərdə tutulan xüsusi Honor Black Diamond şüşəsi ilə qorunur.
Performansa əvvəlki nəsildə istifadə olunan Snapdragon 8 Elite Gen 5 prosessoru cavabdehdir. Smartfon konfiqurasiyadan asılı olaraq 12 və ya 16 GB operativ yaddaş, həmçinin 1 TB-a qədər daxili yaddaşla təklif olunur.
Avtonomluq baxımından Magic9 8000 mAh batareya ilə seçilir. Smartfon 80 vatt naqilli və 50 vatt naqilsiz şarj doldurma funksiyasını dəstəkləyir.
Digər xüsusiyyətlər arasında IP68, IP69 və IP69K standartlarına uyğun toz və su qoruması, ekranaltı ultrasəs barmaq izi skaneri və süni intellekt funksiyalarına sürətli giriş üçün ayrıca düymə var. Həmçinin mürəkkəb şəraitdə daha stabil bağlantı təmin etmək üçün C3 radioçipi istifadə edilir.
Bununla belə, smartfonun USB Type-C portu yalnız USB 2.0 standartını dəstəkləyir.
Honor Magic9 üçün Çində müəyyən edilən qiymətlər belədir:
- 12 + 256 GB — 4999 yuan (745 dollar);
- 12 + 512 GB — 5499 yuan (819 dollar);
- 16 + 512 GB — 5999 yuan (894 dollar);
- 16 GB + 1 TB — 6999 yuan (1043 dollar).









