Apple sentyabr təqdimatının ən böyük yeniliklərindən birini nümayiş etdirib — şirkət tarixində ilk qatlanan iPhone modelini təqdim edib. Gözləntilərin əksinə olaraq, yeni cihaz iPhone Ultra deyil, iPhone Duo adlandırılıb. Apple yeni form-faktor üçün iOS-u ciddi şəkildə yeniləyib və qatlanan smartfonların əsas problemlərini aradan qaldırdığını iddia edir.
Smartfondan kompakt planşetə
iPhone Duo-nun xarici hissəsində 5,4 düymlük ekran yerləşir. Qurğu açıldıqda isə istifadəçinin qarşısına 7,6 düymlük Super Retina XDR daxili displey çıxır və smartfon kompakt planşetə çevrilir.
Hər iki ekranın tərəf nisbəti 1:1,4 təşkil edir. Bunun sayəsində cihaz qatlandıqda və açıldıqda interfeys və məzmunun ölçüləri proporsional şəkildə dəyişir.
Apple yeni form-faktor üçün xüsusi animasiyalar da hazırlayıb. Şirkətin tətbiq etdiyi effekt sayəsində cihaz açılıb-bağlanarkən xarici ekran sanki şəffaflaşır və istifadəçiyə smartfonun daxilindəki məzmunu göstərir.
Daha bir maraqlı yenilik isə Apple Pencil dəstəyidir. Beləliklə, Duo Apple qələmi ilə işləyə bilən ilk iPhone modelinə çevrilib.
Qat izi demək olar ki, görünmür
Həm xarici, həm də daxili ekran 120 Hz-ə qədər ProMotion, Always-On funksiyası və 3000 nit pik parlaqlıq dəstəkləyir.
Daxili paneldə xüsusi nano-teksturalı örtük istifadə olunub. Bu örtük əksolmaları azaltmaqla yanaşı, qatlanma izinin görünməsini də minimuma endirir. Apple bildirir ki, ekranı açdıqda qat yeri demək olar ki, hiss olunmur və panel digər qatlanan smartfonlardakı plastikvari hissi yaratmır.
Ön kamera xarici ekranda küncdə yerləşən kiçik dairəvi kəsikdədir. Daxili kameranı isə Apple birbaşa ekranın altına yerləşdirib. Kamera istifadə zamanı zəif görünə bilir, lakin foto, video və videzəng zamanı onun üzərindəki piksellər söndürülür ki, görüntünün keyfiyyəti yaxşılaşdırılsın.
Titan korpus və IP68
iPhone Duo-nun korpusu Grade 5 titan materialından hazırlanıb. Şarnir mexanizmi isə 100-dən çox komponentdən ibarətdir.
Daxili ekranı qorumaq üçün bir neçə müdafiə qatı, yüksək möhkəmlikli şüşə və titan lövhədən istifadə olunub. Xarici hissələr isə Ceramic Shield və Ceramic Shield 2 şüşələri ilə qorunur.
Üstəlik, cihaz IP68 standartına uyğun olaraq toz və sudan tam qorunma əldə edib.
A20 Pro prosessoru və daha yüksək performans
Smartfonun daxilində A20 Pro çipi yerləşir. Bu, iPhone 18 Pro-da istifadə olunan eyni prosessordur və 2 nanometrlik texnologiya əsasında hazırlanıb.
Çipdə 6 nüvəli CPU, 7 nüvəli GPU və iki 16 nüvəli neyroprosessor mövcuddur. Buxarlandırma kamerası və yeni istilikötürmə sistemi ilə birlikdə iPhone Duo əvvəlki nəsil iPhone 17 Pro ilə müqayisədə uzunmüddətli yüklənmə zamanı 35%-ə qədər daha yüksək sabit performans göstərə bilir.
İki batareya və 44 saata qədər video
Apple iPhone Duo-da iki ayrı batareyadan istifadə edib. Onlar korpusun hər iki tərəfində yerləşdirilib.
Şirkətin məlumatına görə, cihaz daxili ekranda 31 saata, xarici ekranda isə 44 saata qədər video nümayiş etdirə bilir. Qarışıq istifadə rejimində isə maksimal göstərici 24 saatdır.
Batareyanı kabel vasitəsilə təxminən 20 dəqiqəyə 50%-ə, MagSafe və ya Qi2 ilə isə təxminən 30 dəqiqəyə 50%-ə qədər doldurmaq mümkündür.
48 MP kamera və qatlanan korpusun gətirdiyi yeni imkanlar
Əsas kamera artıq tanış olan 48 MP Fusion moduludur və sensor sürüşdürmə texnologiyası ilə optik stabilizasiyanı dəstəkləyir. İkinci kamera isə 48 MP ultra genişbucaqlı moduludur və makro çəkiliş imkanına malikdir. Telefoto kamera isə yoxdur.
Selfi üçün Center Stage kamerası nəzərdə tutulub. O, cihazın hansı istiqamətdə tutulmasından asılı olaraq kadrı avtomatik uyğunlaşdırır.
Qatlanan konstruksiya çəkiliş zamanı bir sıra yeni imkanlar da açır. Məsələn, Smart Take funksiyası süni intellektdən istifadə edərək kadra düşən insanların uyğun poza verdiyi anı müəyyənləşdirir və avtomatik olaraq şəkil çəkir.
Xarici ekran əsas kamera ilə çəkiliş zamanı kadrı əvvəlcədən görməyə imkan verir. Duo Preview funksiyası isə kameranın qarşısındakı şəxsin öz kadrını nəzarətdə saxlamasına şərait yaradır.
Uşaqların diqqətini kameraya yönəltmək üçün isə xarici ekranda müxtəlif animasiyalar göstərən Kid Cue funksiyası əlavə edilib.
Video çəkilişi zamanı iPhone Duo əsas kamera ilə 4K və saniyədə 120 kadr sürətində video yaza bilir. Dolby Vision dəstəyi də mövcuddur. Çəkilmiş videolara sonradan kinematoqrafik effektlər tətbiq etmək, həmçinin 4K Dolby Vision HDR formatında timelapse çəkmək mümkündür.
Qiyməti adi iPhone-lardan xeyli yüksəkdir
iPhone Duo ağ və mavi rənglərdə satışa çıxarılacaq. Ön sifarişlər 16 oktyabrda, satışlar isə 23 oktyabrda başlayacaq.
Qiymətlər belədir:
- 256 GB — 1 999 dollar
- 512 GB — 2 199 dollar
- 1 TB — 2 599 dollar
- 2 TB — 3 199 dollar
Beləliklə, Apple nəhayət qatlanan iPhone bazarına daxil olub. Şirkət isə bunu sadəcə ekranı qatlanan yeni smartfon kimi deyil, smartfonla planşet arasında tamamilə yeni istifadə formatı kimi təqdim edir.
















