Qlobal RAM çatışmazlığı smartfon bazarında qiymət artımını sürətləndirir. Xiaomi bu səbəbdən Çində satılan səkkiz smartfon modelinin qiymətini artırdığını elan edib. Hələlik dəyişiklik yalnız yerli bazara şamil olunsa da, analitiklər oxşar bahalaşmanın yaxın vaxtlarda qlobal bazarda da baş verəcəyini istisna etmirlər.
Şirkət qiymətləri modeldən asılı olaraq təxminən 40–70 dollar artırıb.
Ən böyük bahalaşma Xiaomi 17 və Xiaomi 17 Pro Max modellərində qeydə alınıb. Artıq onların başlanğıc qiyməti müvafiq olaraq 670 dollar və 905 dollar təşkil edir. Xiaomi 17 Pro isə indi 750 dollardan satışa çıxarılır.
Qiyməti artırılan digər modellər bunlardır:
- Redmi K90 Ultra — 460 dollar
- Redmi K90 Max — 490 dollar
- Redmi K90 — 430 dollar
- Redmi Turbo 5 — 360 dollar
- Redmi Turbo 5 Max — 390 dollar
Qeyd edək ki, son üç model qlobal bazarda müvafiq olaraq Poco F8 Pro, Poco X8 Pro və Poco X8 Pro Max adları ilə satışa çıxarılır.
Maraqlıdır ki, bəzi smartfonlar artıq ikinci dəfə bahalaşıb. Məsələn, Redmi K90 ötən ilin payızında təxminən 360 dollara, Redmi Turbo 5 və Redmi Turbo 5 Max isə satışın əvvəlində müvafiq olaraq 280 və 305 dollara təklif olunurdu.







