LG və NVIDIA insanabənzər, ikiayaqlı robot yaratmaq üçün əməkdaşlığa başlayıb. Tərəflər yeni layihədə vəzifələri dəqiq bölüşdürüb: NVIDIA robotun “beyni” və proqram təminatı ilə, LG isə onun fiziki korpusunun və əsas komponentlərinin istehsalı ilə məşğul olacaq.
Yeni humanoid robot NVIDIA Jetson Thor platforması və Isaac GR00T süni intellekt modeli əsasında hazırlanacaq. Layihənin əsas xüsusiyyətlərindən biri isə NVIDIA-nın təhlükəsizlik platforması Halos olacaq.
Şirkətin məlumatına görə, Halos sənayedə robotların insanlarla eyni məkanda təhlükəsiz şəkildə işləməsi üçün hazırlanmış ilk tam proqram-aparat təhlükəsizlik sistemidir. Bu texnologiya xüsusilə iri humanoid robotların insanlarla bir yerdə fəaliyyət göstərdiyi mühitlərdə riskləri azaltmağa yönəlib.
Humanoid robotun aparat hissələrinin istehsalında LG ekosisteminin müxtəlif şirkətləri iştirak edəcək. LG Electronics və LG Innotek yüksək dəqiqlikli mühərriklər və sensorlar təqdim edəcək, batareyaları isə LG Energy Solution istehsal edəcək.
Robotun ilk təqdimatının 2027-ci ilin birinci rübündə keçirilməsi planlaşdırılır.
Bundan əvvəl isə LG yeni texnologiyanı real istehsalat şəraitində sınaqdan keçirəcək. Şirkət 2026-cı ilin sonuna qədər ABŞ-ın Tennessi ştatındakı paltaryuyan maşın zavodunda təkərli CLOiD robotunu işə salacaq. Robot burada praktiki məlumatlar toplayacaq. Daha sonra həmin məlumatlar PhysicalWorks platformasında sintetik təlim datasetlərinə çevriləcək və gələcək humanoid robotun süni intellektini öyrətmək üçün istifadə olunacaq.
Əməkdaşlıq yalnız robotun hazırlanması ilə məhdudlaşmayacaq. Tərəfdaşlar 2027-ci ilin ilk yarısında NVIDIA Vera Rubin platforması əsasında referens AI-fabriki qurmağı planlaşdırırlar.
Daha böyük layihə isə Cənubi Koreyanın Çonan şəhərində reallaşdırılacaq. Burada 2028-ci ilin ilk yarısına qədər 80 MVt gücündə böyük data mərkəzinin inşa edilməsi nəzərdə tutulur. Bununla belə, LG bu texnologiyaya eksklüziv çıxış əldə etməyəcək. NVIDIA eyni süni intellekt platformasını dünyanın digər istehsalçılarına da təqdim edir. Bu səbəbdən LG öz ölkəsində də ciddi rəqiblərlə qarşılaşacaq. Samsung artıq robototexnika bölməsini inkişaf etdirir, Hyundai isə dünyanın ən tanınmış robot şirkətlərindən biri olan Boston Dynamics-ə sahibdir.











