Apple-ın kameralı AirPods hazırladığı ilə bağlı uzun müddətdir yayılan iddialar yeni sızma ilə daha da güclənib. Şirkətin macOS 26.7 əməliyyat sisteminin kodunda gələcək AirPods modelini nümayiş etdirən rəsmi demo videosu aşkarlanıb.
Bu tapıntı B790 kod adlı, kameralarla təchiz edilmiş qulaqlıqlar üzərində iş getdiyini göstərir. Maraqlısı odur ki, daha əvvəl layihənin dayandırıldığı barədə məlumatlar yayılmışdı.
Qısa demo videosunda Visual Intelligence funksiyasının necə işlədiyi nümayiş etdirilir. Videoda istifadəçi bir kitabı əlinə götürür və sual verir. Bundan sonra səsli köməkçi kitabı analiz edir və istifadəçiyə məlumat təqdim edir.
Apple-ın planına əsasən, qulaqlıqlardakı kameralar adi foto və ya video çəkmək üçün istifadə edilməyəcək. Onların əsas vəzifəsi Siri üçün ətraf mühit haqqında vizual məlumat toplamaq, obyektləri analiz etmək və istifadəçiyə uyğun məsləhətlər vermək olacaq.
macOS kodunda yeni funksiyanın aktivləşdirilməsi ilə bağlı təlimatlar da aşkarlanıb. Sistem xəbərdarlığında istifadəçidən qulaqlıqların kameralarının qarşısının örtülməməsi tələb olunur ki, ətrafdakı obyektlər barədə mümkün qədər dəqiq məlumat əldə edilsin.
Bu yanaşma AirPods-u sadəcə musiqi və zənglər üçün nəzərdə tutulan aksesuardan çıxarıb gündəlik həyatda istifadəçiyə vizual məlumat təqdim edən AI cihazına çevirə bilər.
AirPods-un nə vaxt təqdim ediləcəyi ilə bağlı insayderlərin fikirləri üst-üstə düşmür. Bəzi mənbələr cihazın sentyabrda iPhone 18 Pro seriyası ilə birlikdə təqdim ediləcəyini gözləyir.
Bloomberg-in nüfuzlu analitiki Mark Qurman isə Apple-ın layihəni təxirə saldığını və kameralı AirPods-un təqdimatının 2027-ci ilin sonuna qədər baş tutmaya biləcəyini bildirir.
Hələlik Apple bu layihə barədə rəsmi açıqlama verməyib. Lakin macOS kodunda şirkətin öz demo videosunun ortaya çıxması göstərir ki, kameralı AirPods ideyası sadəcə şayiə olmaya bilər — Apple bu texnologiyanı həqiqətən sınaqdan keçirir.










