26–28 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində Baku International Innovation Trade Show 2026 — ITS Baku 2026 keçiriləcəkdir.
Tədbirdə 20-yə yaxın ölkədən 350-dən çox şirkətin iştirakı gözlənilir.
Tədbir süni intellektin, robototexnikanın, biotexnologiyaların, yaşıl və additiv texnologiyaların müxtəlif sahələrdə tətbiqinə həsr olunub. Sərgi eyni anda bir neçə məqsədə xidmət edir: ən son yeniliklərin nümayişi, bir sahədə yaradılmış həllərin digər sahələrə uğurla tətbiqi, sahələrarası sinergiyanın formalaşdırılması, eləcə də startap ideyasından sənaye tətbiqinə və beynəlxalq bazarlara çıxışa qədər tam əməkdaşlıq zəncirinin qurulması.
Proqram çərçivəsində panel müzakirələri, startaplar üçün təqdimat sessiyaları, B2B görüşlər və demo zonalar nəzərdə tutulub.
Üç günlük sərgi fərqli mövzuları əhatə edəcəkdir:
- 26 noyabr — “Biznes və sənaye sinergiyası”,
- 27 noyabr — “Səhiyyə və biotexnologiyada rəqəmsal texnologiyalar”,
- 28 noyabr — “Təhsil, davamlı inkişaf və investisiyalar”.
ITS Baku 2026 Asiya, Yaxın Şərq və Avropadan olan şirkətlərin, startapların və investorların yalnız öz texnologiyalarını təqdim etməsi üçün deyil, həm də uzunmüddətli texnoloji tərəfdaşlıqlar qurması üçün platformaya çevriləcəkdir.
Azərbaycan üçün bu cür mötəbər sərginin keçirilməsi IT sektoruna birbaşa xarici investisiyaların cəlb olunması, yerli şirkətlərin yeni texnologiyalara və beynəlxalq tərəfdaşlıqlara çıxış imkanlarının genişlənməsi, eləcə də ölkənin regionun texnoloji mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.








