Çində humanoid robotlar arasında keçirilən döyüş yarışları getdikcə daha böyük maraq doğurur. 16 iyul tarixində Şençjendə Ultimate Robot Knockout Legend (UKRL) turnirinin rəsmi açılışı baş tutub. Yarışda dünyanın müxtəlif ölkələrindən 32 komanda, o cümlədən Tsinhua, Çjetszyan, Honq Konq, Stenford və Kaliforniya universitetlərinin nümayəndələri iştirak edirlər.
Turnirin bütün iştirakçıları eyni baza platforması – EngineAI T800 humanoid robotundan istifadə edirlər. Bununla belə, komandalar robotları öz hazırladıqları zirehlərlə təchiz edə və müxtəlif mühəndislik təkmilləşdirmələri tətbiq edə bilirlər.
Hakimlər döyüşlər zamanı zərbələrin dəqiqliyini, robotların tarazlığını, müdafiəsini, qərarvermə alqoritmlərini və konstruksiyanın möhkəmliyini qiymətləndirirlər.
Hələlik turnirin ilk nümayiş döyüşü keçirilib. Yarış ilin sonuna qədər davam edəcək. UKRL çempionu 10 kiloqram saf qızıldan hazırlanmış, dəyəri 10 milyon yuan (təxminən 1,48 milyon ABŞ dolları) olan çempionluq kəmərini və humanoid robotlar arasında keçirilən sərbəst döyüşlərin ilk qalibi titulunu qazanacaq.
Turnir yalnız əyləncə məqsədi daşımır. Layihə Çinin robototexnika sahəsindəki texnoloji nailiyyətlərini nümayiş etdirməklə yanaşı, gənclərin və cəmiyyətin qabaqcıl texnologiyalara marağını artırmağı da hədəfləyir.









