SpaceX birjada debüt etdikdən sonra ilk rüblük maliyyə hesabatını açıqlayıb. Şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfəyə yaxın artaraq 7,8 milyard dollara çatıb. Bu yüksəlişdə əsas pay Starlink peyk interneti və Anthropic ilə Google üçün hesablama gücünün icarəyə verilməsi üzrə bağlanan müqavilələrə məxsusdur.
2025-ci ilin ikinci rübündə 4 milyard dollar gəlir əldə edən SpaceX bu ilin eyni dövründə göstəricini 7,8 milyard dollara yüksəldib. Beləliklə, şirkətin illik gəlir artımı 92% təşkil edib.
Maliyyə hesabatına əsasən, artımın təxminən 2 milyard dolları süni intellekt bölməsinin hesabına formalaşıb. Starlink xidməti isə gəlirlərini 1,7 milyard dollar artırıb. Buna baxmayaraq, şirkət rübü 541 milyon dollar zərərlə başa vurub. Müqayisə üçün, ötən ilin eyni dövründə zərər 1 milyard dollar idi.
SpaceX-in maliyyə direktoru Bret Consen bildirib ki, şirkətin bu ilin oktyabrından etibarən mərhələli şəkildə icra olunacaq 6,7 milyard dollarlıq bulud xidmətləri müqavilələri artıq imzalanıb. Onun sözlərinə görə, Cursor AI startapının tam inteqrasiyasından sonra SpaceX ilin sonuna qədər 100 milyard dollarlıq illik gəlir tempinə (ARR) çata bilər.
İlon Mask isə daha iddialı proqnoz verərək bildirib ki, 100 milyard dollarlıq ARR artıq məqsəd deyil, qaçılmaz nəticədir və faktiki göstərici bunun da üzərinə çıxa bilər.
IPO-dan sonra keçirilən istiqraz satışının uğurlu nəticələri sayəsində SpaceX hazırda 100 milyard dollarlıq maliyyə ehtiyatına malikdir. Şirkət investisiyalarını da artırır – 2026-cı ilin ilk altı ayında əsaslı xərclər 28 milyard dollara çatıb. Bu göstərici ötən ilin eyni dövründə cəmi 7 milyard dollar idi.
Qeyd edək ki, SpaceX tarixdəki ən böyük IPO-lardan birini həyata keçirərək 85 milyard dollardan çox vəsait cəlb etmiş, bazara 1,75 trilyon dollar dəyərlə çıxmışdı. İlk günlərdə şirkətin bazar dəyəri qısa müddətə Amazon-u geridə qoymuş və Microsoft-a yaxınlaşmışdı. Lakin sonradan səhmlər ucuzlaşaraq IPO qiyməti olan 135 dollardan aşağı düşüb və son ticarət sessiyasını təxminən 125 dollar səviyyəsində başa vurub.
Şirkətin Anthropic və Google ilə bağladığı hesablama gücü müqavilələri SpaceX üçün mühüm strateji dönüş hesab olunur. Əvvəllər xAI layihəsi üçün yaradılmış məlumat mərkəzlərinin bir hissəsi artıq digər şirkətlərə icarəyə verilir ki, bu da mövcud hesablama resurslarından daha səmərəli istifadə etməyə imkan yaradır.








