Sony televiziya bazarında köklü dəyişiklik edir. Şirkət bu sahədə idarəetməni faktiki olaraq TCL-ə ötürür və tərəflər yeni birgə müəssisə — Bravia Inc. yaratmaq barədə razılığa gəlib.
Razılaşmaya əsasən, TCL yeni şirkətdə 51% paya sahib olacaq, Sony isə 49% ilə tərəfdaş kimi qalacaq. Müqavilənin dəyəri təxminən 473 milyon dollar olaraq qiymətləndirilir.
Yeni yaradılacaq Bravia Inc. yalnız televizorları deyil, ümumilikdə Sony-nin “home entertainment” seqmentini əhatə edəcək. Buraya Sony Bravia televizorları ilə yanaşı proyektorlar, displeylər, audio sistemlər və ev kinoteatrı həlləri də daxildir. Şirkət bu məhsulların hazırlanması, istehsalı, satışı və texniki dəstəyinə cavabdeh olacaq. Rəsmi start 2027-ci ilin aprelinə planlaşdırılır.
Maraqlıdır ki, məhsullar əvvəlki kimi Bravia və Sony brendləri altında satışda qalacaq. Lakin texnoloji baza getdikcə TCL-in həllərinə söykənəcək — xüsusilə ekran panelləri və istehsal zənciri sahəsində.
Şirkətlər bu addımı miqyasın artırılması, xərclərin azaldılması və daha effektiv istehsal modeli qurmaq istəyi ilə izah edir. Bu sahədə isə TCL artıq ciddi üstünlüyə malikdir.
Razılaşma çərçivəsində TCL həmçinin Sony-nin bəzi istehsal aktivlərini, o cümlədən Malayziyadakı zavodunu da əldə edir. Çin bazarındakı istehsal gücləri ilə bağlı danışıqlar isə hələ davam edir.






