Huawei ən qeyri-adi konseptlərindən birini yenidən gündəmə gətirdi. Şirkət daxili qulaqlıqlarla təchiz olunmuş yeni ağıllı saatını — Huawei WATCH Buds 2 modelini təqdim edib. Bu model 2022-ci ildə çıxan WATCH Buds-un davamçısıdır və bir sıra ciddi yeniliklərlə gəlir.
Saat 1,5 düymlük dairəvi OLED ekranla təchiz olunub (466×466 piksel) və 3000 nitə qədər parlaqlıq təqdim edir. Ekran ikinci nəsil Kunlun Glass ilə qorunur, daha incə çərçivələr isə görüntü sahəsini genişləndirir. Korpus ölçüləri 47 × 47 × 14,69 mm, çəkisi isə təxminən 54,5 qramdır — bu da onu əvvəlki modeldən daha yüngül edir.
Sağlamlıq funksiyaları da genişləndirilib: yuxu monitorinqi, emosional vəziyyətin analizi, gün boyu ürək ritminin dəyişkənliyi, ritm pozuntuları barədə xəbərdarlıq və hətta yuxu apnoesinin aşkarlanması kimi imkanlar təqdim olunur. Bundan əlavə, cihaz qanda yüksək şəkər riski ilə bağlı qiymətləndirmə aparır və 90-dan çox idman rejimini dəstəkləyir.
Ən maraqlı detal isə gizli qulaqlıqlardır — onlar birbaşa saatın daxilində saxlanılır. Korpus aerokosmik səviyyəli titan ərintisindən hazırlanıb. Hər qulaqlıq cəmi 4 qram çəkir, daxili mikrofona malikdir və sol-sağ tanıma, aktiv səsboğma (ANC) və şəffaf rejim funksiyalarını dəstəkləyir.
Qulaqlıqlar saatın özündən enerji alır — yəni saat həm də keys rolunu oynayır. 410 mAh batareya ilə saatın 3 günə qədər işləməsi, qulaqlıqların isə ANC söndürülmüş halda 4 saata qədər fəaliyyət göstərməsi vəd olunur.
Huawei WATCH Buds 2 modelinin qiyməti kauçuk kəmərli versiya üçün 510 dollar, titan kəmərli variant üçün isə 585 dollar təşkil edir.






