Huawei texnologiya sərhədlərini genişləndirməyə davam edir. Şirkət ilk dəfə olaraq həm süni intellekt, həm də foto çəkiliş imkanlarına malik ağıllı eynəklərini — Huawei AI Glasses modelini rəsmi şəkildə təqdim edib.
Yeni eynəklər 12 meqapiksellik yüksək həssas kameraya və böyük 1/2.8 düymlük sensorla təchiz olunub.
Model həm də sənayedə bir ilkə imza atır: HDR Vivid standartını dəstəkləyən ilk AI eynəklərdən biridir. İstifadəçilər 4096×3072 pikselə qədər şəkillər çəkə, həmçinin 1920×1440 keyfiyyətdə 30 kadr/saniyə ilə video yaza bilirlər.
Eynəklərin daxilində xüsusi hazırlanmış AI çip və inteqrasiya olunmuş süni intellekt köməkçisi mövcuddur. Bu köməkçini iki üsulla aktivləşdirmək mümkündür: səsli əmrlə və ya sol tərəfdə yerləşən xüsusi düymə vasitəsilə.
Dizayn da diqqətdən kənarda qalmayıb — Huawei yeni yüngül materiallardan istifadə edib. Nəticədə eynəyin qalınlığı cəmi 6,25 mm, ümumi çəkisi isə 35,5 qramdır.
Huawei AI Glasses üçün qiymət təxminən 370 dollar səviyyəsindən başlayır. Satışlar isə 25 apreldən etibarən start götürəcək.






