Süni intellekt və böyük verilər beynəlxalq münasibətlər və qlobal təhlükəsizlik sahəsində mühüm transformasiyalara səbəb olan iki əsas texnoloji inkişaf istiqamətidir. Süni intellekt müstəqil qərarlar qəbul edə bilən və məlumatların təhlili vasitəsilə yeni nəticələr yarada bilən qabaqcıl intellektual sistemləri ifadə edir; böyük verilər isə bu sistemlərin öyrənmə və inkişaf proseslərini dəstəkləyən geniş və çoxşaxəli məlumat toplusunu əhatə edir.
Süni intellektin sürətli inkişafı dövlətlərin təhlükəsizlik strategiyalarını və müdafiə siyasətlərini yenidən formalaşdırmaqla yanaşı, müasir müharibə üsullarını da köklü şəkildə dəyişdirir və eyni zamanda etik, hüquqi və siyasi müzakirələri aktuallaşdırır. Xüsusilə müharibə qaydaları, insan hüquqları, demokratiya, məlumat təhlükəsizliyi və məxfilik kimi məsələlər bu texnologiyaların təsiri ilə birbaşa əlaqəlidir.
Bununla yanaşı, süni intellekt və böyük verilər hərbi tətbiqlər, kəşfiyyat fəaliyyəti, logistika imkanları və kibertəhlükəsizlik sahələrində dövlətlər arasında yeni rəqabət mühiti formalaşdırır. Bu kontekstdə ABŞ və Rusiya Federasiyası kimi qlobal aktorlar milli təhlükəsizlik strategiyalarını süni intellekt və məlumat əsaslı texnologiyalar üzərində yenidən qururlar.
Bu tədqiqat sözügedən iki ölkənin strategiyalarını müqayisəli şəkildə təhlil edərək, mövcud fərqlərin qlobal diplomatiyaya mümkün təsirlərini araşdırır. Eyni zamanda süni intellekt və böyük verilərin insan hüquqları, demokratiya, media azadlığı və fərdi məxfilik üzərində təsirləri qiymətləndirilir; rəqəmsal dövrdə məlumatın strateji əhəmiyyəti vurğulanaraq, beynəlxalq münasibətlərin yeni güc dinamikləri çərçivəsində daha dəqiq anlaşılması və təhlili məqsədilə “Veri Üstünlüyü Nəzəriyyəsi” adlı yeni və orijinal nəzəri yanaşma irəli sürülür. Bu əsərdə Nigar Quliyeva ilk dəfə olaraq qlobal miqyasda yeni bir nəzəriyyə ortaya qoyur və beynəlxalq münasibətlərin məhz bu yanaşma əsasında yenidən dəyərləndirilməsinin vacibliyini əsaslandırır. Müəllif vurğulayır ki, bu nəzəriyyə gələcəkdə beynəlxalq sistemdə formalaşacaq yeni qarşıdurmaların və güc balansındakı dəyişikliklərin mahiyyətini daha dərindən anlamağa imkan verəcəkdir.
Nəticə etibarilə, süni intellekt və böyük verilər qlobal güc balansını və dövlətlərin təhlükəsizlik siyasətlərini yenidən formalaşdıran strateji amillər kimi beynəlxalq münasibətlər ədəbiyyatında geniş və sistemli şəkildə araşdırılması zəruri olan əsas mövzular sırasındadır.
Türkcə “Küresel Diplomaside Büyük Veri ve Yapay Zekanın İstifadəsi: Amerika Birleşik Devletleri ve Rusya Federasyonu’nun Karşılaştırılmalı Analizi” kitabını bu linkdən istifadə edərək əldə edə bilərsiniz: https://shortlink.uk/1oKfX.






