Son illərdə oyun sənayesində böhran daha açıq hiss olunur: studiyalar bağlanır, layihələr ləğv edilir və minlərlə oyun tərtibatçısı işsiz qalır. Bu çətin dalğadan hətta mobil oyun tarixinin ən məşhur layihələrindən birinin yaradıcıları da yan keçə bilmədi.
Halfbrick Studios — əfsanəvi Fruit Ninja oyununun müəllifi — heyətin bir hissəsini ixtisar etdiyini açıqlayıb. Şirkətin qərarına əsasən 41 əməkdaş işdən azad ediləcək.
Şirkət qərarı barədə qısa və birbaşa açıqlama yayıb:
«Komandamızın strukturunda dəyişikliklər edirik. Bu çərçivədə Avstraliyadakı əməkdaşların bir hissəsini ixtisar edir və bəzi beynəlxalq layihələri dayandırırıq. Bu qərarı vermək bizim üçün asan olmadı»
Şirkət həmçinin qeyd edib ki, bu addım əməkdaşların performansı ilə bağlı deyil. Əsas səbəb təşkilati dəyişikliklər və studiyanın yeni strateji prioritetləridir.
Halfbrick nümayəndələrinin sözlərinə görə, oyun bazarı hazırda çətin mərhələdən keçir və bir çox studiya kimi onlar da gələcək inkişaf strategiyasını yenidən nəzərdən keçirməyə məcbur qalıb.
Halfbrick Studios 2001-ci ildə yaradılıb və əvvəlcə portativ oyun konsolları üçün layihələr hazırlayırdı. Studiyanın ən böyük uğuru isə şübhəsiz ki, Fruit Ninja oldu — oyun müxtəlif platformalarda 1 milyarddan çox dəfə yüklənib.
Studiyanın növbəti layihəsi Bluey’s Quest for the Golden Pen adlı macəra oyununun PC versiyası olacaq. Oyunun may ayında buraxılması planlaşdırılır.





