Valve gözlənilmədən Counter-Strike 2 üçün son illərin ən böyük yeniləmələrindən birini təqdim edib və bu dəyişiklik oyunun gedişinə ciddi təsir göstərə bilər.
Yeniliyin əsas mahiyyəti yenidoldurma (reload) sisteminin dəyişdirilməsidir. Artıq qalan güllələr silah yenidən doldurulduqda tamamilə itirilir və ümumi ehtiyata geri qayıtmır. Bu isə o deməkdir ki, oyunçular hər dəfə reload etməzdən əvvəl daha diqqətli qərar verməli olacaqlar.
Valve bu dəyişikliklə oyunda taktikanın rolunu artırmağı hədəfləyir: risk edib döyüşə davam etmək, yoxsa vaxtında yenidən dolduraraq özünü sığortalamaq.
Yenilik oyun icmasında ciddi müzakirələrə səbəb olub. Reddit istifadəçiləri arasında müxtəlif fikirlər səslənir:
“Bu, oyunun tarixində ən böyük dəyişikliklərdən biridir…”
“20 illik vərdişləri yenidən öyrənməli olacağıq.”
“Artıq tüstü içərisinə boş-boşuna atəş açmaq baha başa gələcək.”
Bəzi oyunçular hesab edir ki, bu dəyişiklik daha ehtiyatlı və düşünülmüş oyun stilinə gətirib çıxaracaq. Digərləri isə balans problemlərinin yarana biləcəyini düşünür.
Hazırda bu yeniliyin oyuna uzunmüddətli təsiri hələ tam aydın deyil. Lakin artıq indidən görünür ki, Valve bu addımı ilə klassik Counter-Strike mexanikasını kökündən dəyişməyə qərar verib.






