Apple şirkətinin yeni patent müraciəti gələcəkdə iPhone istifadəçilərinin rabitə imkanlarını ciddi şəkildə genişləndirə biləcək maraqlı aksessuarı üzə çıxarıb. Söhbət smartfon üçün nəzərdə tutulmuş və qatlanan peyk antenası funksiyasını yerinə yetirən xüsusi keysdən gedir.
Hazırkı iPhone modelləri artıq peyk rabitəsini dəstəkləsə də, istifadəçi siqnal əldə etmək üçün cihazı dəqiq şəkildə peyk istiqamətinə yönəltməlidir. Bu isə hər zaman rahat olmur. Apple-ın yeni patenti həmin problemi həll etməyi hədəfləyir və alternativ yanaşma kimi antenalı keys konseptini təqdim edir.
Sənədlərə əsasən, aksessuara fazalı antenna qəfəsi (phased array) inteqrasiya ediləcək. Bu texnologiya eyni anda bir neçə peyki “görə” bilir və avtomatik olaraq onlar arasında keçid edir. Beləliklə, istifadəçinin əli siqnal qəbuluna mane olmayacaq və əlaqə daha stabil olacaq.
Hələlik bu keysin kommersiya satışına çıxarılıb-çıxarılmayacağı məlum deyil. Bununla belə, Apple artıq bu istiqamətdə addımlar atır: yayılan məlumatlara görə, şirkət yaxın gələcəkdə Globalstar operatorundan imtina edərək Starlink ilə əməkdaşlığa keçə bilər. Bundan əlavə, ötən ilin əvvəlində Apple və T-Mobile iPhone üçün peyk rabitəsinin testlərinə başlamışdı.





