Valve şirkətinin Steam sayəsində on milyardlarla dollar qazandığı heç kim üçün sirr deyil. Mağazada şirkətin öz oyunları barmaqla sayılacaq qədər az olsa da, məhz bu məhsullar Valve-in gəlirlərində ciddi pay tutur.
YouTube-da ZestyJesus adlı bloqer Valve-in 2025-ci il ərzində Counter-Strike 2 üzərindən nə qədər qazandığını araşdırıb. O, oyun daxili tranzaksiyaları toplayan xüsusi alqoritm yaradıb və skin bazarını təhlil edib.
Onun hesablamalarına görə, ötən il oyunçular 400 milyondan çox keysi açıb. Hər bir keys üçün 2,5 dollarlıq açar tələb olunduğundan, Valve təkcə bu mexanizmdən 1 milyard dollardan artıq gəlir əldə edib.
Bundan əlavə, CS2-nin ticarət platformasında 754 milyondan çox alqı-satqı əməliyyatı aparılıb. Valve hər əməliyyatdan 15% komissiya götürür ki, bu da şirkətə 166 milyon dollardan çox əlavə gəlir qazandırıb.
Beləliklə, 2025-ci ildə Valve yalnız CS2-dəki tranzaksiyalar hesabına 1,16 milyard dollardan artıq gəlir əldə edib. Döyüş biletləri, musiqi paketləri və kiberidman stikerlərindən əldə olunan gəlirlər isə hələ açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl analitiklər Steam-in satış göstəricilərini də araşdırmışdı və məlum olmuşdu ki, platforma son 10 ilin ən yüksək gəlir rekordunu qırıb.




