CES 2026 sərgisi çərçivəsində Infinix şirkəti AI GLASSES Pro adlı ağıllı eynəklərini təqdim edib. Yeni cihaz gündəlik istifadə üçün nəzərdə tutulmuş aksesuar kimi mövqeləndirilir və süni intellekt köməkçisinə sürətli çıxış imkanı yaradır.
Eynəklər 109° baxış bucağına malik 12 MP-lik kamera ilə təchiz olunub. Kamera vasitəsilə Folax adlı firma İİ-assistenti istifadəçinin gördüyünü “görə” bilir. “Salam, Folax, buna bax” əmri ilə eynəklər şəkil çəkir və süni intellekt görüntünü analiz edir.
Kameranın digər imkanlarına HDR dəstəyi, elektron stabilizasiya, çoxkadrlı səs-küyün azaldılması, portret və gecə rejimləri, həmçinin 1080p formatında video çəkilişi daxildir.
Yeni modelin audio sistemi külək səsboğma funksiyalı daxili dinamiklər və mikrofonlardan ibarətdir. Eynəklər neyroşəbəkə vasitəsilə səs yazılarının mətnə çevrilməsini dəstəkləyir və 169 dili əhatə edən real vaxt tərcüməçi kimi istifadə oluna bilir.
TR90 neylon materialdan hazırlanan çərçivənin çəkisi 35 qram, linzalarla birlikdə isə 39 qramdır. Akkumulyatorun tutumu açıqlanmasa da, istehsalçı bir gün fasiləsiz istifadə vəd edir. 2500 mA·h batareyaya malik şarj keysi isə cihazı prizdən kənarda 9 dəfəyə qədər şarj edə bilir.
Infinix AI GLASSES Pro-nun qiyməti və satış tarixi hələlik açıqlanmayıb.







