Ötən həftəsonu Mayamidə keçirilən tədbirdə Tesla-nn humanoid robotu Optimus gözlənilməz hadisə ilə gündəmə gəlib. Şirkətin futuristik vitrini kimi təqdim olunan robot gözlənilmədən yerə yıxılıb və bu anlar kameraya düşüb. Ancaq izləyicilər və sosial şəbəkə istifadəçilərini daha çox təəccübləndirən məqam yıxılmadan bir neçə saniyə əvvəl baş verən hərəkət olub.
Baş verən insident robotların tam müstəqil olmadığına dair ciddi şübhələr yaradıb və onların hərəkətlərinin arxasında, ehtimal ki, insan operatorun dayandığını açıq şəkildə üzə çıxarıb.
Tədbir boyu Tesla-nın humanoid robotları ziyarətçiləri əyləndirir, obyektivlər qarşısında poz verir, rəqs edir, hətta onlardan biri qonaqlara su paylayaraq “canlı” görüntü yaradırdı. Lakin məhz həmin su paylayan robot gözlənilmədən arxası üstə yıxılıb. Videolarda ən çox diqqət çəkən məqam isə Optimus-un yıxılmadan öncə əllərini başına aparır, sanki “maneə olan” hansısa elementi çıxarmağa çalışır. Məhz bu insanvari reaksiya kadrları daha da şübhəli və hadisə ətrafındaki müzakirələri daha da artırıb.
Bunu belə izah etmək olar: adətən insanda nəsə alınmayanda və ya vəziyyət nəzarətdən çıxanda, istər-istəməz əsəbləşir və refleks olaraq əvvəlcə başındakı bir şeyi — qulaqcıqları, eynəyi və ya başqa əşyanı çıxarır. Videodakı səhnə də məhz buna bənzəyir.
Bu məqam sosial şəbəkələrdə yeni müzakirələrə yol açıb. Bir çox istifadəçi Tesla-nın hələ də robotları uzaqdan, insan operatorlar vasitəsilə idarə etdiyini iddia edir. Onların fikrincə, elə bil operator VR dəbilqəni çıxarıb və robotla əlaqə kəsildiyi üçün Optimus tarazlığını itirərək yerə yıxılıb.
Hazırda nə Tesla şirkəti, nə də onun rəhbəri İlon Mask baş verənlərlə bağlı rəsmi açıqlama verib. Lakin hadisə humanoid robotların real müstəqilliyi və Tesla-nın təqdimatlarda nə dərəcədə şəffaf olması ilə bağlı sualları yenidən gündəmə gətirib.





