Yaddaş bazarında yaranmış ciddi böhran Sony və Microsoft-un yeni nəsil oyun konsollarının buraxılış tarixlərinə təsir göstərə bilər. Əvvəllər bu, sadəcə məntiqi ehtimal kimi qiymətləndirilirdisə, indi daha konkret məlumatlar ortaya çıxıb.
Insider Gaming mənbəsinin məlumatına görə, yaddaş çiplərinin çatışmazlığı və qiymətlərin kəskin artması konsol istehsalçılarını növbəti nəsil modellərin buraxılışının təxirə salınıb-salınmaması məsələsini müzakirə etməyə məcbur edib.
Xatırladaq ki, indiyə qədər yayılan şayiə və sızıntıların əksəriyyəti PlayStation 6 və yeni Xbox-un 2027-ci ilin sonu və ya ən gec 2028-ci ilin əvvəlində təqdim olunacağını göstərirdi. Analitiklər də hazırda məhz bu dövrü yaddaş bazarında vəziyyətin sabitləşməsi və qiymətlərin normallaşması üçün real vaxt çərçivəsi kimi qiymətləndirirlər.
Problemin əsas məqamı ondadır ki, Sony və Microsoft istehsala başlamazdan xeyli əvvəl böyük həcmdə yaddaş sifarişi verməli və istehsal zəncirini qurmalıdır. Bu isə qiymətlərin hələ yüksək olduğu dövrə düşür. Məhz buna görə də şirkətlər üçün konsolların buraxılışını 6 ay və ya hətta 1 il təxirə salmaq iqtisadi baxımdan daha sərfəli ola bilər.
Nəzərə alsaq ki, oyun konsollarının bir nəsli adətən 6–8 il davam edir, buraxılış tarixinin belə dəyişməsi sənaye üçün qeyri-adi hesab olunmur.






