Meta şirkətinin tədqiqat istiqamətinin rəhbəri Mark Çen bildirib ki, Mark Zukerberq OpenAI-də çalışan bir mütəxəssisi Meta-ya keçməyə razı salmaq üçün ona şəxsən evdə hazırlanmış şorba aparıb.
Çenin sözlərinə görə, süni intellekt sahəsində rəqabət kəskinləşdikcə aparıcı laboratoriyalar dəyərli kadrları cəlb etmək üçün hər vasitəyə əl atırlar. O, Core Memory podkastında bu addımın ona əvvəlcə “şokedici” göründüyünü desə də, sonradan Meta-dan bir mütəxəssisi işə götürmək istəyərkən eyni üsulu özü də tətbiq etdiyini etiraf edib.
Çen əlavə edib ki, Meta OpenAI-də çalışan tədqiqatçıları və mühəndisləri aktiv şəkildə öz tərəfinə çəkməyə çalışır. Onun fikrincə, bu vəziyyət OpenAI-nin sahədə lider mövqedə olduğunu göstərir. “Yeni yaranan demək olar ki, bütün şirkətlər əvvəlcə OpenAI-dən kadr cəlb etməyə çalışır. Onlara bizim mütəxəssislərimiz və baxışımız lazımdır”, — deyə Çen bildirib.
Qeyd edək ki, iyun ayında OpenAI-nin rəhbəri Sem Altman Meta-nın şirkətin mühəndislərinə 100 milyon dollara qədər bonuslar təklif etdiyini açıqlamışdı. O zaman Altman əsas heyətdən heç kimin keçmədiyini desə də, sonradan ChatGPT-nin yaradıcılarından biri olan Şençzya Cao Meta-nın süni superintellekt bölməsinə qoşulub.
Çenin sözlərinə görə, Meta onun komandasının “yarısını” cəlb etməyə çalışsa da, buna nail ola bilməyib. Rəqabətə baxmayaraq, OpenAI hələlik əsas mütəxəssislərini qoruyub saxlaya bilir.
Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə aparıcı tədqiqatçılar son dərəcə nadir və bahalı resursa çevrilib. Databricks-in süni intellekt üzrə keçmiş vitse-prezidenti Navin Rao bu vəziyyəti belə təsvir edib: “Bu, Lebron Ceymsi axtarmağa bənzəyir — belə insanlar çox azdır.”





