LG qarşıdan gələn CES 2026 sərgisi ərəfəsində yeniliklərini açıqlamağa davam edir. Bu dəfə şirkət CLOiD adlı insanabənzər ev robotunu anons edib. LG bu layihə ilə özünün “qayğısız ev” konsepsiyasını nümayiş etdirməyi planlaşdırır — yəni məişət işlərinin getdikcə avtonom qurğuların üzərinə keçdiyi, insanın isə vaxtını daha vacib işlərə ayıra bildiyi bir yaşam məkanı.
LG CLOiD əsasən qapalı məkanlar üçün universal ev köməkçisi kimi nəzərdə tutulub. Robot gündəlik həyatdakı müxtəlif ssenarilərdə istifadəçi ilə qarşılıqlı əlaqə qurmaqla yanaşı, məişət işlərində dəstək göstərmək üçün hazırlanıb.
Konstruksiya baxımından CLOiD mürəkkəb və dəqiq manipulyasiyalara fokuslanır. Robot hər biri 7 sərbəstlik dərəcəsinə malik iki oynaq qol və beşbarmaqlı əllərlə təchiz olunub. Bu quruluş ona incə motorika tələb edən, dəqiqlik və ehtiyatlılıq vacib olan tapşırıqları yerinə yetirməyə imkan verir. LG bildirir ki, bu yanaşma CLOiD-u sadəcə əşyaları daşıyan deyil, ənənəvi məişət robotlarının çətinlik çəkdiyi incə işlərin öhdəsindən gələn bir köməkçiyə çevirir.
Robotun “beyni” baş modulunda yerləşir. Buraya hesablama çipseti, ekran, dinamik, kamera və müxtəlif sensorlar daxildir. Bu komponentlər naviqasiya, ətraf mühitin tanınması və səsli ünsiyyət üçün istifadə olunur. LG xüsusilə vurğulayır ki, CLOiD zamanla istifadəçiyə uyğunlaşacaq: robot təkrarlanan davranışları analiz edir və öz reaksiyalarını tənzimləyərək daha fərdiləşdirilmiş təcrübə təqdim edir.
LG üçün CLOiD sadəcə tək bir məhsul deyil, uzunmüddətli strategiyanın tərkib hissəsidir. Şirkət robototexnikanı əsas inkişaf istiqamətlərindən biri adlandırır və bu sahəni gücləndirmək üçün artıq HS Robotics Lab adlı ayrıca laboratoriya yaradıb, həmçinin sahə üzrə tərəfdaşlıqları genişləndirib.





