Şəbəkədə iPhone Air smartfonunun ikinci nəsli ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Weibo sosial şəbəkəsində Fixed Focus Digital adlı mənbə tərəfindən paylaşılan məlumatlara görə, Apple layihə üzərində işi davam etdirir və cihazı 2026-cı ilin payız təqdimatında, iPhone 18 seriyası ilə birlikdə elan etməyi planlaşdırır.
Bu iddia noyabr ayında yayımlanan əvvəlki hesabatla ziddiyyət təşkil edir. Həmin məlumatda iPhone Air xəttinin davamının 2027-ci ilə təxirə salındığı bildirilirdi. Səbəb kimi isə birinci nəsil iPhone Air modellərinin gözlənilən satış göstəricilərinə çatmaması göstərilmişdi. Beləliklə, hazırda Apple-ın bu seriya ilə bağlı planları barədə iki fərqli və bir-birinə zidd versiya mövcuddur.
Xatırladaq ki, birinci nəsil iPhone Air ötən ilin sentyabrında təqdim olunmuşdu. Cihaz 6,5 düymlük ekranı olan ultra nazik smartfon kimi mövqeləndirilmiş, texniki baxımdan isə həmin dövrün iPhone Pro modellərinə yaxın imkanlar təqdim etmişdi. Modelin başlanğıc qiyməti 1 099 dollar təşkil edirdi.
Bununla yanaşı, icmallarda cihazın bəzi çatışmazlıqları da qeyd olunmuşdu: yalnız bir əsas kamera, bir dinamik, orta səviyyəli batareya ömrü və yüksək prosessor yüklənməsi zamanı qızma problemi.
İkinci nəsil iPhone Air üçün potensial təkmilləşdirmələr arasında əlavə kamera modulunun əlavə edilməsi və batareya tutumunun artırılması göstərilir.





