Samsung orta seqmentə aid növbəti model — Galaxy A57 smartfonunun daxili sınaqlarına start verib. Bu barədə məlumat şirkətin serverlərində aşkar edilib: orada SM-A576B indeksli cihazın sınaq qeydləri yer alıb.
Sosial şəbəkə X istifadəçiləri Samsung-un proqram infrastrukturunda bu modelin beynəlxalq versiyasına dair izlər tapıblar. Model nömrəsi göstərir ki, şirkət artıq layihələndirmə mərhələsini başa vurub və aparat və proqram təminatının real testlərinə keçib.
Qeyd edək ki, 2024-cü ilin dekabrında eyni model indeksi IMEI beynəlxalq bazasında da qeydə alınmışdı — bu da layihənin mövcudluğunu təsdiqləmişdi. Hazırda sınaq sistemlərində yalnız beynəlxalq versiya (SM-A576B) mövcuddur; digər regionlar üçün variantlar hələ qeydiyyatdan keçməyib.
Yeni Galaxy A57 modelində Exynos 1680 prosessoru istifadə olunacaq — bu çip Samsung-un orta seqment cihazları üçün xüsusi hazırlanır. İlkin performans testləri gözləniləndən bir qədər aşağı nəticə göstərib, lakin şirkət bunun test nümunəsinin istifadəsi ilə əlaqəli olduğunu bildirib. Rəsmi buraxılışadək prosessorun göstəriciləri optimizasiya ediləcək.
Galaxy A57-nin təqdimatı 2026-cı ilin mart ayına planlaşdırılıb — bu da Samsung-un orta seqment modellərinin yenilənmə dövrünə uyğundur. Galaxy A56 2025-ci ildə öz sinfində ən çox satılan modellərdən biri olmuşdu. Yeni smartfonun ABŞ bazarına çıxışı bir qədər gecikə bilər., Türkiyədə isə satışlar ənənəvi olaraq rəsmi təqdimatdan dərhal sonra başlayacaq.





