Microsoft nə qədər çalışsa da, Edge hələ də populyarlıq baxımından Chrome-un yanına belə yaxınlaşa bilmir. Buna görə şirkət öz xidmətlərini birbaşa Google-un brauzerinə gətirmək qərarına gəlib. Microsoft 365-in yenilənmiş yol xəritəsinə əsasən, şirkət Chrome üçün Copilot genişlənməsi üzərində aktiv işləyir.
Məlumata görə, Microsoft Chrome-un içinə Copilot Search və Copilot Chat xidmətlərini inteqrasiya etmək istəyir. Bu isə brauzerə bir sıra yeni imkanlar qatacaq: məsələn, məlumat axtarışını asanlaşdırmaq, web-səhifələri və axtarış nəticələrini Microsoft 365 məlumatları əsasında avtomatik şəkildə ümumiləşdirmək mümkün olacaq.
Hazırda danışılan Copilot versiyası yalnız korporativ istifadəçilərə yönəlib. Amma şirkət gələcəkdə adi istifadəçilər üçün də Chrome versiyasını istifadəyə verə bilər.
Yol xəritəsində göstərildiyinə görə, Chrome üçün Copilot genişlənməsinin istifadəyə verilməsi 2026-cı ilin fevralına planlaşdırılıb.





