OpenAI şirkəti Broadcom ilə birgə süni intellekt üçün xüsusi neyroprosessor hazırlamaq planlarını açıqlayıb. Bununla yanaşı, şirkət 10 gigavatt gücündə öz məlumat mərkəzini (Data Center) qurmağı və onu gələcəkdə istehsal olunacaq bu çiplərlə təchiz etməyi nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində OpenAI çiplərin arxitekturasını və İİ sürətləndiricilərini hazırlayacaq, Broadcom isə onların istehsalı ilə məşğul olacaq. OpenAI nümayəndələrinin sözlərinə görə, bu yanaşma şirkətə neyron şəbəkə modellərinin yaradılması prosesində əldə etdiyi təcrübəni birbaşa aparat səviyyəsində tətbiq etməyə imkan verəcək. Nəticədə süni intellekt alqoritmlərinin fərqli ssenarilərdə daha yüksək effektivliklə işləməsi gözlənilir.
“Broadcom ilə əməkdaşlığımız süni intellekt sahəsində irəliləyişə səbəb olacaq və bu texnologiyanın tam potensialının reallaşmasına təkan verəcək” — deyə Qreq Brokman, OpenAI-nin həmtəsisçisi bildirib.
Yeni layihənin tam reallaşması 2029-cu ilin sonuna planlaşdırılır. Lakin Broadcom avadanlıqların ilkin tədarükünə 2026-cı ilin ikinci yarısında başlayacaq. OpenAI-nin baş direktoru Sem Altman bildirib ki, bu əməkdaşlıq süni intellektin imkanlarını daha geniş miqyasda açacaq və həm istifadəçilərə, həm də bizneslərə fayda verəcək.
Bu strategiya OpenAI-yə NVIDIA-dan asılılığı azaltmaq imkanı yaradacaq. Oxşar addımları daha əvvəl Google və Microsoft da atmışdı.
Qeyd edək ki, OpenAI və Broadcom artıq çiplərin, Ethernet interfeyslərinin və digər server avadanlıqlarının tədarükü üzrə texniki müqavilə imzalayıblar. Bundan əlavə, OpenAI NVIDIA və AMD ilə də 10 və 6 gigavatt gücündə məlumat mərkəzlərinin yaradılması barədə analoji sazişlər bağlayıb.